Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.
Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin olunub.Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub, İlham Əliyevin səslərin 86 faizini topladığı elan olunub.
Birmənalı şəkildə deyə bilərik ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bu ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi.Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Bəli, məhz öz torpaqlarında! Bundan böyük qürur və sevinc hiss ola bilməz.
İlham Əliyev 2018-ci ildə növbəti dəfə Azərbaycan Prezidenti seçildikdən sonra dövlətin və xalqın qarşısında duran ən mühüm problemin – ölkənin ərazi bütövlüyünün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Növbəti dəfə Prezident seçildikdən cəmi iki il sonra – 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Vətən müharibəsində İlham Əliyevin hər iki cəbhədə – döyüş meydanında məğlubedilməz sərkərdə və Ali Baş Komandan, informasiya müharibəsində isə praqmatik diplomat olduğunu bütün dünya ictimaiyyəti gördü.
Sözsüz ki, Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi bir tarixdir.
Bakı şəhəri M. Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin tarix müəllimi Heydərova Vəfa