Onlar 75 ildir evlidirlər.
“Yeni Gundem” “Şərq qapısı” qəzetinə istinadən xəbər verir ki, söhbət Naxçıvanın Ordubad rayonunun Bist kəndində yaşayan Mahmud Tahirov və xanımı Tutu nənədən gedir.
Mahmud Tahirov 1927-ci ildə Nürgüt kəndində dünyaya göz açıb. Qonşu Xurs kəndində anadan olan Tutu nənənin isə bu il 94 yaşı tamam olub. Onların taleyi 75 il bundan öncə, 1949-cu ilin Novruz bayramı günündə – martın 21-də birləşib.
Ailədə qadına, anaya hörmətin əsas şərt olduğunu bildirən Mahmud Tahirov son illər boşanmaların sayının artmasına və uzunömürlü ailələrin sayının azalmasına bu cür aydınlıq gətirib: “Ailə bir dövlətdir. Necə ki, dövlətdə hərc-mərclik baş verərsə, dağılıb məhv olar. Ailə də onun kimi. Ailədə söz bir olmalıdır. Əsas məsələ qadınla kişinin bir-birini başa düşüb güzəştə getməsidir. Bu münasibət uşaqlara da sirayət edir və uzunömürlü, nümunəvi bir ailə formalaşır. Ailə böyük bir dəyərdir. Ailəyə məhəbbət xüsusilə lazımdır. Gərək gənclərimiz ailəsinin qədrini bilsin.”
Qeyd edək ki, Naxçıvanın ən uzunömürlü ailəsinin 7 övladı, 15 nəvəsi və 13 nəticəsi var.