Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdırbackend

Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. 2003-cü ildən başlayaraq İlham Əliyevin Prezident kimi məqsədyönlü fəaliyyəti ölkəmizin enerji strategiyasını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 il ərzində Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaratdı.Azərbaycanın yaşıl enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təchizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir. Bu aspektdə, İlham Əliyev dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz, bunun üçün uzun illər boyu gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. Prezident İlham Əliyev, həmçinin “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında da iştirak edib. Həmçinin ötən ilin dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Ötən il işğaldan azad edilən ərazilərdə “AzərEnerji”nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb və hazırda həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb. Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını yaşıl enerji zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsini İlham Əliyevin növbəti təntənəsi kimi qeyd etmək olar. COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olmaqla yanaşı, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamı kimi qiymətləndirilir. Eyni zamanda, bu mühüm qərar beynəlxalq arenada Azərbaycana olan dərin etimadın sübutudur və ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmək həm də bərpaolunan enerji layihələrində gələcək sərmayə və əməkdaşlığa təkan verəcək. Belə ki, bu, Azərbaycana digər ölkələrlə müvafiq sahədə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, bərpaolunan enerji və iqlim fəaliyyəti ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün geniş platforma təmin edəcək”.

Emin Hüseynov,
Nəsimi rayon sakini