9 may bizim üçün çox böyük əlamətdar gündür. Azərbaycan İkinci Dünya müharibəsində yaxından iştirak edib. 600 mindən çox azərbaycanlı cəbhədə vuruşub. Azərbaycan həmin zamanlarda neft məhsullarının 75%-ni hərbi əməliyyatlar üçün ötürürdü. Azərbaycanın müharibədə böyük rolu olub.
Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Rüfət Quliyev açıqlayıb.
Millət vəkili bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycanın dəstəyi olmasaydı, müharibənin başa çatma tarixi də uzana bilərdi.
“Bu günlərdə dəfələrlə qeyd olunur ki, əgər Azərbaycanın köməkliyi olmasaydı müharibənin 1945-ci ildə sona çatması real olmazdı. Əvvələr bu gün təntənəli şəkildə keçirilirdi. Əslən Lənkərandan olan Həzi Aslanov müharibədə böyük qəhrəmanlıq göstərib. İki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Həzi Aslanovun İkinci dəfə Sovet İttifaqı qəhrəmanı adına almasında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu günə qədər onun barəsində postsovet məkanında böyük danışıqlar aparılır. Onun qəhrəman kimi əməliyyatlarda iştirakı haqqında filmlər çəkilir. Qəhrəmanlarımıza böyük hörmətimiz var. General Həzi Aslanov kimi igidlər əbədi xalqın yaddaşında qalır və biz qəhrəmanlarımızla fəxr edirik”,-deyə qeyd edib.