Azərbaycanın ən ağır çəkili qadını bariatrik cərrahiyyə əməliyyatı keçirdi: “Çəkim artıq 265 kq-a çatmışdı”backend

Son dövrlərin qlobal xəstəliyi hesab edilən piylənmə nəticəsində insanlarda bir çox yanaşı xəstəliklər sürətlə artmağa başlayıb. Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən də zaman-zaman bu istiqamətdə xəbərdarlıqlar edilir. Xüsusilə ikinci tip diabet, hipertoniya, qaraciyər piylənməsi, ürək-damar xəstəlikləri, diz-oynaq xəstəlikləri, bəzi nevroloji və psixoloji xəstəliklər, bədəndə piylənmə ilə bağlı yaranan disfunksiyaları misal çəkmək olar.

Bir çox sağlamlıq problemi yaradan piylənmə və ya artıq çəki ölkəmizdə də ciddi statistik göstəriciləri olan xəstəliklər siyahısındadır. Piylənmə ilə mübarizədə mütəxəssislər müxtəlif müalicə metodları təklif edirlər.

Budəfəki həmsöhbətimiz bariatrik cərrahiyyəni seçərək artıq çəkilərdən azad olmaq istəyib. 265 kq çəkili Sevinc Cəfərova (ad şərtidir) Oxu.Az-a açıqlamasında bildirib ki, bu günə qədər qorxduğu üçün cərrahiyyə əməliyyatı olunmaq istəməyib.

Sevinc xanım 265 kiloqram çəkiyə necə gəldiyi barədə danışıb:

“Yemək yeməyi hamı sevir. Zaman-zaman kökəlsəm də, pəhrizlərlə çəki ata bilirdim. Amma bir müddət sonra artıq çəki ata bilmədiyimi hiss etdim. Diyetoloqlar orqanizmdə piylənmənin getdiyini dedilər. Əməliyyat olunmaqdan qorxurdum. Çünki 56 yaşım var. Bu yaşda orqanizm cavan olmadığı üçün düşünürdüm ki, risklər çox olar.

Amma çəkim sürətlə artırdı. Burada genetik faktor da var, amma oturaq həyat tərzi də mənim sağlamlığımın belə riskli hal almasına gətirib çıxardı. Belə deyim, yemək yeyirdim, amma ciddi fiziki işlərlə məşğul olmadığım üçün kökəlirdim. Bəlkə də, rejimsiz və qeyri-sağlam qidalar, yağlı, eləcə də xəmir yeməkləri və s. təsir edib. Düşünürdüm ki, arıqlayacağam da… Bu mənim düşüncələrimdir. Sonuncu dəfə 233 kq çəkidə olduğumu biləndə anladım ki, arıqlaya bilməyəcəyəm. Lakin həkimlər orqanizmdə gedən dəyişiklikləri qiymətləndirəndə təcili çəki atmalı olduğumu deyirdilər”.

Əməliyyat olunmağa necə qərar verdiyi barədə danışan həmsöhbətim deyir ki, bir çox mütəxəssislərə müraciət etsə də, paytaxtın özəl xəstəxanalarından birinə üz tutub:

“Klinikaya gələndə hamı mənə qəribə baxırdı. Hiss edirdim ki, çəkim rekord həddədir. Heç bilmirdim ki, bu çəkidə məni əməliyyata götürəcəklər, yoxsa yox. Analizlər və zəruri müayinələrdən keçdikdən sonra həkim bu əməliyyatı icra edə biləcəyini dedi. Lakin bariatrik cərrahiyyə olunmazdan əvvəl o qədər qorxurdum ki, mənə bir müddət pəhriz proqramı tətbiq etdilər. Bu dövr haradasa bir neçə ayı əhatə etdi. Bu müddət ərzində cüzi də olsa, çəkim azaldı. Nəhayət əməliyyat olundum. Bir müddət həkimlərin nəzarətində qaldım. Daha sonra evə buraxıldım. Hələ də pəhriz və gündəlik qida rasionuna ciddi riayət etməliyəm. Həftəlik və aylıq ümumi nə qədər çəki azalırsa, o barədə qeydlər aparıram. Son göstəricilərim – həftə ərzində 10 kq çəki itirmişəm. Həkimim deyir ki, doqquz ay və ya bir il müddətində öz stabil çəkimə çatacağam”.

Həmsöhbətim bu əməliyyatın onu psixoloji sarsıntılardan, yanaşı xəstəliklərdən qurtarmaqla birlikdə güzgüdə özünə inamla baxmasına kömək etdiyini deyir.