Azərbaycanın hərbi həkimləri bu günədək ümumilikdə 71 cərrahi əməliyyat icra edib, 468 nəfərə isə ambulator yardım göstərib.
Bu barədə “Yeni Gundem”-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qardaş ölkədə baş vermiş zəlzələdə zərərçəkənlərə yardım göstərən tibb heyətimiz tərəfindən növbəti 10 cərrahi əməliyyat uğurla icra olunub, həmçinin xəsarət alan 49 nəfər müayinə edilib.
Bildirilib ki, Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunub.