Azərbaycanın maraq və mənafeləri dövlət başçısı tərəfindən qətiyyətlə təmin edilirbackend

Zəfər tarixini yazmış Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistana sarsıdıcı zərbə vurmaqla “məğlubedilməz erməni ordusu” mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində təslim olmağa vadar etdi. İkinci Qarabağ müharibəsi Qələbə ilə başa çatdıqdan sonra diplomatik müstəvidə aparılan danışıqlar ölkəmizin tam üstünlüyü ilə davam edir. Keçirilmiş bütün görüşlər və onların gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər bir daha göstərir ki, Azərbaycanın maraq və mənafeləri dövlət başçısı tərəfindən qətiyyətlə təmin edilir.

Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdır.Bütün region ölkələri üçün bu ən əlverişli mövqedir.Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Azərbaycanın təqdim etdiyi beş baza prinsipi, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur.Ölkələr arasında yaranacaq mehriban qonşuluq münasibətləri regionun iqtisadi cəhətdən inkişaf etməsinə çox böyük töhfələr verəcəkdir. Azərbaycan tezliklə Zəngəzur dəhlizinin açılmasına nail olacaqdır. Mövcud inkişaflar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək.

2022-ci il oktyabrın 31-də Soçidə Üçtərəfli görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 09 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların icrasını müzakirə ediblər. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərilməyə razılaşdırılmışdır.
Görüş zamanı Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulmaqla Qarabağ münaqişəsi artıq tarixdə qalsa da indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq vaxtı yetişmişdir və bu məsələdə Rusiya Federasiyasının Prezidentinin rolu yüksək qiymətləndirilməlidir. Azərbaycanın nisbətən yaxın vaxtlarda beynəlxalq hüququn fundamental prinsipləri nəzərə alınmaqla Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsipi irəli sürməsi və bu prinsiplərin, xüsusilə, Rusiya tərəfindən müsbət qarşılanması münasibətlərin normallaşması prosesinə çox yaxşı impuls verəcəyinə əminik.
Bəyanatda Rusiya sülhməramlılarının bölgədəki rolu xüsusi olaraq vurğulanıb. Həmçinin, tərəflərin güc tətbiq etmə və güc tətbiq etmə ilə hədələmədən çəkinmələri, bütün problemləri istisnasız olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq prinsipi əsasında həll etmələri razılaşdırılıb.
Güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edilərək həllinə razılaşdırılmışdır.
Bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi deyilir. Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək. Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər. Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar

İmamverdi Həmidov- Professor,Elm xadimi, Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü