Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri bu gün dünya mediasının diqqət mərkəzində oldu. Ölkə başçısının keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlərdə çıxışları bir daha göstərmişdir ki, ardıcıl, məqsədyönlü və milli maraqlara xidmət edən siyasət ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edir.
“Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”- deyə mətbuat konfransında qeyd edən cənab İlham Əliyev bildirib ki, “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.
“15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentindəki çıxışında ölkəmizin başçısı Azərbaycanın COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etməsinin şərəfli vəzifə olduğunu bildirərərk qeyd etmişdir ki, son dövrlərdə Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təcrübəsi kifayət qədər genişdir və bu tədbirin həm yaxşı təşkil edilməsi və yaxşı nəticələrə nail olunması əsas vəzifələrdən biridir.”
Cənab Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dönəmində bu təşkilatın üzvü olan dövlətlərlə kifayət qədər səmimi münasibətlər yarada bildiyindən bu ölkələrin də iqlim dəyişiklikləri konfransına cəlb edilməsi yaxşı nəticələr verəcəkdir: “Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır.”
Neft, qaz ehtiyatları ilə zəngin ölkələri günahlandıran bəzi mətbuat vasitələrinin COP29-un Azərbaycanda keçirilməsinə görə narahatlıqlarına münasibət bildirən ölkə başçısı qeyd edib ki, belə zəngin sərvətə malik olmaq heç də həmin ölkənin günahı deyildir və həmin sərvətin nəyə xidmət etdiyinə diqqət yetirmək lazımdır. Ölkəmizdə neft və qaz gəlirlərinin ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı hədəflərə yönəldilməsinə görə dəyərləndirilməlidir.
Azərbaycanın neft və qazının Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan cənab İlham Əliyev bildirib ki, “təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir.” Bu ixracın gələcəkdə 20 milyard kubmetrə çatdırılacağını qeyd edən cənab Prezident diplomatik dillə bizi tənqid edənlərə anladıb ki, bu, bizdən çox sizə lazımdır. Çünki Azərbaycanın kifayət qədər alternativ enerji mənbələri var və bundan istifadə imkanlarımız da normal səviyyədədir.
Cənab Prezident İlham Əliyev ölkəmizdə zəngin neft və qaz resurslarının olmasına baxmayaraq yaşıl enerjiyə keçid edən ölkələr arasında olduğunu qeyd edərək bildirib ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın 5 qiqavat gücə malik külək və yaşıl enerji imkanlarının olacağını biuldirən ölkə başçısı getdikcə qaz istehlakının da elektrik enerjisi ilə əvəz ediləcəyini bildirmişdir.
Ermənistanla olan münasibətlərə gəlincə, ölkəmizin başçısı bir daha qətiyyətlə bildirmişdir ki, biz sülh istəyirik və bunun üçün nə lazımdırsa onu da edirik. Əlbəttə ki, hər hansı işğala dözmək, torpaqlarımızı kimsəyə vermək fikrimiz yoxdur. Ona görə də hazırda sülhə çox yaxın bir vəziyyətin olması sevindiricidir.
Eltun Süleymanov,
Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini