Azərbaycanın ötən il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandıbackend

Keçən il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclərin icrası məlum olub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Qeyd edilib ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 5622,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 737,0 milyon manat və ya 15,1 faiz çoxdur.

2022-ci ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4896,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2021-ci illə müqayisədə 354,7 milyon manat və ya 7,8 faiz çoxdur. Bu xərclər ÜDM-in 3,7 faizini, dövlət büdcəsi xərclərinin isə 15,3 faizini təşkil etmişdir.

Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 709,8 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 2889,4 milyon manat və ya 2021-ci illə müqayisədə 554,5 milyon manat (23,7 faiz) çox vəsait yönəldilib.

2022-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 13,0 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 milyon manat və ya 55,7 faiz çoxdur.