Azərbaycanın qocaman aktyoru nə üçün kimsəsiz öldü?backend

Bir neçə gün öncə Gənc Tamaşaçılar Teatrının keçmiş aktyoru Rəzzaq Məmmədovun uzun sürən xəstəlikdən sonra vəfat etməsi barədə xəbər vermişdik.

Lent.az mərhum aktyorun ölümü ilə bağlı bəzi məlumatlar əldə edib.

Məlumata görə, Rəzzaq Məmmədov 65 yaşı olarkən teatrdan xaric edilib. Ümumiyyətlə, hazırda  fəxri adı olmayan bütün sənət adamlarının 65 yaşı tamam olan kimi öz ərizələri əsasında işdən çıxmaları tələb olunur.

Bu gün ölümündən 7 gün keçən Rəzzaq Məmmədov da eyni tələb əsasında, istəmədən işindən ayrılıbmış. Onun düz bağırsağında xərçəng xəstəliyi olub. Çox kasıb həyat tərzi sürən aktyorun müalicəsinə nə teatrdan, nə də Mədəniyyət Nazirliyindən maddi kömək göstərilməyib.

Aktyorun xanımı da uzun müddət yataq xəsətsi olub və əri can verərkən qadının qalxaraq onun yatdığı otağa keçmək imkanı belə olmayıb. Aktyorun 30 yaşlarında olan oğlu atasının vəziyyətinin çox ağır olduğunu görüncə, hər zaman onların vəziyyəti ilə maraqlanan aktyor Natiq Fərzəliyevə zəng vurub.

Rəzzaq Məmmədov ölərkən yanında yalnız oğlu və Natiq Fərzəliyev varmış. Oğlu atasının nəşinin teatrdan götürülməsini arzu etsə də, bu istək baş tutmayıb. Mərhum anadan olduğu Lənkəran rayonunda dəfn edilib.

Qeyd edək ki, Rəzzaq Məmmədov  teatrda işlədiyi illərdə 57 tamaşa və 17 filmdə rol alıb.