Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın əldə etdiyi uğurlar, II Qarabağ müharibəsindən sonra gedilən yol, post-münaqişə dövrünün perspektivlərinə aid vermiş olduğu dəqiq və səlis analizlər bu gün ölkəmizlə yanaşı, regional və qlobal miqyasda böyük maraqla qarşılanıb. Sözsüz ki, Azərbaycanın dostları ölkə Liderinin bu mesajlarını sevinclə qarşıladığı kimi anti-Azərbaycan, anti–Türkiyə, islamafob, Azərbaycana-fob qüvvələr təşviş və narahatlıq içərisindədir. Çünki Azərbaycan Lideri ölkəmizin bundan sonra qarşıda duran əsas prioritetlərini bir daha bəyan etməklə yanaşı, Ermənistana, ona havadarlıq edən Fransa başda olmaqla Avropa İttifaqına və digər erməni lobbisinin yedəyində gedən qüvvələrə növbəti xəbərdarlıq etmiş oldu.
Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti bir daha ölkəmizin sülh mövqeyini diqqətə çatdırdı: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəalar birdəfəlik aradan qaldırılmalıdır. Eyni zamanda artıq keçmişin qalığına çevrilmiş ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Bununla yanaşı Ermənistan tərəfindən Azərbaycanla şərti sərhəddə yerləşdirilmiş Avropa İttifaqının kəşfiyyat xidmətinin əməkdaşlarından ibarət “missiyasının” bölgədən çıxarılması təmin olunmalıdır. Bu Bakının əsas tələbləri sırasındadır. Yaxşı olardı ki, rəsmi İravan qısa zamanda bu tələblərin icrasına başlamaqla özünün sülhə olan münasibətini ortaya qoysun”.
Millət vəkili bildirib ki, cənab Prezidentin müsahibəsində toxunduğu məsələlərdən bir də Zəngəzur dəhlizi ilə bağlıdır: “Azərbaycan Prezidenti bir daha açıq şəkildə bəyan etdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa əlaqə formalaşacaq. Bu həmçinin regional kommunikasiyaların açılması, sosial-iqtisadi canlanmaya səbəb olacaq mühüm bir layihədir. Təəsüf ki, hələ də özünün köhnə “xarakterindən” imtina edə bilməyən Ermənistan tərəfi bu reallığı dərk etməkdə çətinlik çəkir. Azərbaycan bu regionun lider dövləti kimi bölgədə söz sahibidir. Ölkəmizin iradəsinin əleyhinə olaraq bölgədə heç bir layihə reallaşa bilməz. Bu mənada Ermənistanın “istək və arzularının” ifadəsi olaraq Fransa kimi dövlətlərin regionda özünə yer alması mümkün deyil və buna imkan verilməyəcək”.
Məlahət İbrahimqızı Ermənistanın silahlanması ilə bağlı ölkə başçısının son xəbərdarlığından bəhs edib: “Ölkəmizin başçısı bu gün Fransa, Hindistan kimi ölkələrin, Avropa İttifaqının “sülh fondu” adı altında Ermənistanın silahlanmasının yolverilməz olduğunu bəyan edib. Azərbaycanla Ermənistan arasında sülh danışıqları fonunda rəsmi İrəvanın davamlı olaraq hücum silahları alması və bu silahların ona heç bir qarşılıq olmadan verilməsi təsadüfi deyil. Erməni lobbisinin maraqlarına xidmət edən qüvvələr regionda yenidən gərginlik yaratmaq niyyətindədir. Məqsədləri yaranmış yeni reallığı dəyişdirməkdir. Amma bunun mümkünsüzlüyünü sözsüz ki, Ermənistan və ona havadarlıq edənlər də bilməmiş deyil. Çünki bu gün Ermənistanın Azərbaycanla hərbi müstəvidə müqayisə olunması absurddur. Azərbaycan bütün sahələrdə olduğu kimi regionda ən böyük hərbi gücə və potensiala malikdir. II Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki həyata keçirilən lokal antiterror tədbirləri bunun bariz nümunəsidir. Bu mənada hərbi müstəvidə regionda yaranmış yeni reallığı dəyişməyə ümid edənlər öz xəyal güclərinə inananlardır. Azərbaycana qarşı istənilən formada baş verəcək hərbi təxribat qarşı tərəfin növbəti dəfə darmadağın olması ilə nəticələnəcəyi şübhəsizdir. Ona görə də Ermənistanı silahlandıranlar bunun əvəzində onu sülh müstəvisində daha effektiv müzakirələr aparmağa təşviq etmiş etsinlər”.