Mayın 31-də bir qrup şəxs Fələstin bəhanəsilə SOCAR-ın İstanbul ofisinə basqın edib, binaya ziyan vurublar. Basqın edənlər SOCAR-ın İsrailə neft satdığını əsas gətiriblər. Hücumçular pəncərələri sındırıb, qapıları yerindən çıxarmağa və hədə-qorxu gəlməyə çalışıblar. Basqında iştirak edənlərin əksəriyyəti Suriya və İraqda Türkiyəyə qarşı döyüşən terrorçu qruplaşmaların fəaliyyətini dəstəklədiyini bildirib.
Bununla bağlı politoloq Kamran Məmmədli öz fikirlərini “Yeni Gundem”-ə bölüşüb.
Politoloqun fikrincə, sözügedən basqının məqsədlərindən biri Azərbaycanı İsrailin əsas neft təchizatçılarından biri kimi təqdim etməklə, SOCAR-ın timsalında bütövlükdə Azərbaycanı Türkiyə ictimai rəyində nüfuzdan salmağa çalışaraq müttəfiqliyimizi sarsıtmağa çalışmaqdır:
“Məlumdur ki, son illərdə iki qardaş ölkənin daha da sıx əməkdaşlığı, Şuşa Bəyannaməsinin imzalanması və regionda Azərbaycanla Türkiyənin birgə addımlar atması bir çoxlarını ciddi narahat edir. Belə olan təqdirdə həmin dairələr üçün ilk məqsəd iki ölkənin münasibətlərində gərginliyə nail olmaqdır. Türkiyə üçün xüsusilə həssas məqam kimi yanaşılan Fələstin amili isə bu şəxslər üçün göydən düşmə fürsətə çevrildi. Onlar bu fürsətdən istifadə edərək, Türkiyə ictimai rəyinə təsir göstərərək Azərbaycanı nüfuzdan salmağa çalışırlar”.
K. Məmmədli hesab edir ki, aidiyyatı qurumlar üzərinə düşən bütün bu təxribatlara və əsassız iradlara qarşı vaxtında cavab verilməlidir. Çünki təxribatların idarəçilərinin məqsədləri və onların dərdlərinin heç də Fələstin olmaması bəlli olsa da, sıravi iştirakçıların hər biri eyni düşüncədə deyil.
“Bu təxribata uyan və yalan məlumatlara inanan kifayət qədər insanlar var. Ona görə də bu cür təxribatların qarşısını vaxtında almaq üçün öncədən ictimai fikirdə səsləndirilən yanlış məlumatlara qarşı tədbir görülməlidir. Türkiyədəki Azərbaycan səfirliyi, Diaspora Komitəsi bu məsələləri gündəmdə saxlamalıdırlar”. – deyə politoloq vurğulayıb.
Qeyd edək ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 15 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb. SOCAR bununla Türkiyənin ən böyük birbaşa xarici investisiya şirkətidir.