Azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsi şanlı səhifələrindən biri idibackend

Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında – İkinci dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsinin şanlı səhifələrindən biri.

Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər.

Polşada Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar.

Polşa ərazisində fəaliyyət göstərən “Avanqard” partizan dəstəsinin tərkibində 12 azərbaycanlı döyüşçü 1944-cü il noyabrın 28-də A.Bubnovun rəhbərliyi ilə alman generalı Ernest Rostu əsir almışdılar. Qəzəblənmiş faşist qərargahı xalq intiqamçılarına qarşı hücuma 3 piyada batalyonu göndərmişdi. Bu döyüşdə son patronadək qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanlardan Kərim Doşqan oğlu və Əli Qarabala həlak oldular. Polşa ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrində Vahab Əmirov, Surxay Hacızadə, Əli Əliyev, Həsən Rəsulov, Xəlil Məlikov, Ənvər Səfərəliyev, Şamil Muxtarov, Məmməd Həsənzadə və onlarca başqaları polyak vətənpərvərləri ilə birgə faşist işğalçılarına qarşı amansız mübarizə aparmışdılar.

Italiyada 1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə qaçaraq partizan dəstələrinə qoşulurdular. Onlardan Əvəz Mirzəyev, Şahbaba Məcidov, Məhərrəm Nəcəfov, İsa Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov, Mikayıl Abdullayev, Süleyman Vəliyev, Şərif Şərifov, Həsən Quliyev, Hilal Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya müqavimət hərəkatında faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Mussolinini həbs edən partizanlar arasında Vilayət Hüseynov da vardı. Ümumiyyətlə, Şimali İtaliyada 300-dən çox azərbaycanlı döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən edilmişdir.

Cəfərova Nazənin Azərbaycan Dillər Universiteti