Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından bir il ötürbackend

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun Kəlbəcər rayonunun Susuzluq kəndində tank əleyhinə minaya düşərək şəhid olmalarından bir il ötür.

“Yeni Gündəm” xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də minaya düşüb.

Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb.

Qeyd edək ki, M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub. Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. Həmin ilin oktyabr ayının sonlarında qardaşı ilə birlikdə Gədəbəy rayonuna aparılıb. 1989-cu il dekabrın 30-dək bu rayonda yaşayıb. Burada N. K. Krupskaya adına Gədəbəy qəsəbə orta məktəbdə (indiki İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəb) oxuyub. Üç aydan sonra Bakıya – Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki yeni evlərinə qayıdıb və 100 nömrəli orta məktəbin 1-ci sinfində təhsilini davam etdirib. 1999-cu ildə orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. AZƏRTAC-da çalışdığı 20 ilə yaxın bir zaman ərzində M.İbrahimov əsgər ömrü yaşayıb. Ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. Ömrünün sonuna – şəhidlik zirvəsinə ucalanadək AZƏRTAC-da işləyib. İşlədiyi müddətdə AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. O, həmçinin “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə də təltif edilib.

Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə keçirdiyi “Azərbaycan Ordusunun 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsində 1-ci yerə layiq görülüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 144 illik yubileyi münasibətilə ictimai-təhlükəsizliyin təmin edilməsi, hüquq qaydasının profilaktikası tədbirlərinin təbliğindəki xidmətlərinə görə təltif olunub. Dəfələrlə bir çox yazı müsabiqələrinin qalibi olan Məhərrəm hərbi jurnalistlər üçün təşkil edilən təlimlərdə fərqləndiyinə, eləcə də çalışdığı qurumların fəaliyyətinin işıqlandırılmasında yüksək peşəkarlıq göstərdiyinə görə diplom, fəxri fərman və plaketlərə layiq görülüb.

M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda,valideynlərinin yanında dəfn edilib.

Ailəli idi, iki övladı var.

S.Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb.

Bir övladı olan S.Abışov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.