Azərbaycan əsilli fransalı boksçu, hazırda Bakıda səfərdə olan Murad Əliyevin Komanda.az saytına istinadən müsahibəsini təqdim edirik:
– Murad bəy, əvvəlcə bura gəliş səbəbinizdən danışaq. Sadəcə istirahət üçün gəlmisiz, yoxsa başqa planlarınız var?
– Sadəcə istirahət üçün gəlmişəm. Hələ ki, başqa planım yoxdur.
– Sonuncu dəfə nə vaxt gəlmişdiz Azərbaycana? Hansı dəyişikliklər diqqətinizi çəkdi?
– İlk dəfə Azərbaycana 2017-ci ildə gəlmişdim. Bu, ikinci səfərimdir. Pandemiya səbəbindən, eyni zamanda, olimpiadalar və yarışlarım olduğu üçün gələ bilmirdim. Lakin bura mənim vətənimdir, tez-tez səfərlər edəcəm.
– Aradan 5 il keçib. Hansı dəyişikliklər diqqətinizi çəkdi?
– Yaxşı mənada Azərbaycanda çox şeylər dəyişib. Daha da müasirləşib. Həyat çox dəyişib. Fransa ilə demək olar ki, fərq yoxdur. Hətta burada bəzi şeylər daha yüksək səviyyədədir.
– Azərbaycanlı olsaz da, Fransa vətəndaşlığını seçmisiz. Azərbaycan vətəndaşlığı almaq istəyərsizmi?
– Əlbəttə ki, istəyərəm. Amma Azərbaycan ikili vətəndaşlıq qəbul etmir, bu səbəbdən, məcburam Fransa vətəndaşlığını götürməyə. Bütün həyatım oradadır. Eyni zamanda, millinin heyətində olmaq, olimpiadalarda iştirak etmək üçün Fransa vətəndaşlığı vacibdir.
– Hazırda Fransa millisinin heyətindəsiz. Gələcəklə bağlı nə kimi planlarınız var?
– Bəli, hazırda Fransa millisindəyəm, peşəkar boksçuyam. Olimpiadalar artıq bitdi. Hədəfim dünya çempionatıdır. İnşallah, dünya çempionu olub, ailəmi, dostlarımı sevindirmək istəyirəm.
– Azərbaycan millisində çıxış etmək istəyərsizmi?
– Əlbəttə, istəyərdim. Ancaq indi bu, mümkün deyil. Hər kəs bilir ki, Fransada bir azərbaycanlı boksçu var. Harada yaşayıb, hansı ölkəni təmsil etməyimdən asılı olmayaraq, hər yerdə deyirəm ki, mən azərbaycanlıyam.
– Bu günə qədər Azərbaycandan təklif almısız?
– Bəli, təkliflər gəlib. Lakin bütün həyatımı Fransada qurmuşam. Gəlib burada tək yaşaya bilmərəm. Ailəm də Fransadadır. Yəni müəyyən səbəblərə görə Azərbaycandan gələn təklifləri qəbul edə bilmirəm.
– İştirakçısı olduğunuz Tokio-2020-də insident yaşanmışdı. Böyük Britaniya təmsilçisi ilə döyüşdən sonra rinqi tərk etmək istəməmişdiz. Orada nə baş vermişdi?
– Belə izah edim, yarış zamanı birinci raundun qalibi mən oldum. İkinci raundun bitməsinə 10 saniyə qalmış hakim məni dayandırdı və dedi ki, sən rəqibinə kəllə vurdun. Mən yanlışlığa yol verdiyim halda hakim üç dəfə xəbərdalıq edib, sonra diskvalifikasiya etməlidir. Lakin hakim mənə xəbərdarlıq etmədən diskvalifikasiya etdi. Mən də əsəbiləşdim və öz haqqımı tələb etdim. Rəsmilər gəldi. 45 dəqiqə gözlədim, yenidən yarışın videolarını izlədilər və gördülər ki, mən haqlıyam. Bu hadisədən sonra mənə dəstək verdilər. Hələ də mesajlar gəlir ki, sən haqlı idin.
– Sizcə, Azərbaycanda ən güclü boksçu kimdir?
– Azərbaycanın ən yaxşı boksçusu…. (düşünür) Özüm (gülür).
– Bəs Azərbaycan vətəndaşlığı olanlardan?
– Nə yalan deyim, tanımıram…
– Fransada boksa münasibət necədir?
– Münasibət yaxşıdır. Amma bir məsələ var, Fransada yalnız həqiqətən çempion olsan, səni tanımağa başlayırlar, fikir verirlər. Çox önə çıxmaq lazımdır ki, tanınasan. Düşünürəm ki, mən də tanınmağı bacarmışam.
– Hansı hobbiləriniz var?
– Mən incəsənəti çox sevirəm. Məsələn, vaxt tapdıqca sərgilərə, muzeylərə gedirəm. Eyni zamanda, təbiətlə iç-içə olmağı sevirəm. Vaxt tapdıqca isə ailəmlə, dostlarımla oluram.
– Boksdan başqa, hansı idman növlərinə marağınız var? Futbola baxırsız?
– Futbolla çox aram yoxdur. Yalnız maraqlı, diqqətçəkən oyunlar olanda baxıram. Ən sevdiyim oyunçu Kriştiano Ronaldodur (gülür).
– Azərbaycanda futbol klublarından hansıları tanıyırsız?
– Azərbaycan futboluna baxmıram. Tanıdığım klublar “Neftçi” ilə “Qarabağ”dır. “Qarabağ” həmişə Avropa Liqası, Çempionlar Liqasına çıxır, adını eşidirəm, böyük fəxrdir.
– Əlavə etmək istədiyiniz nə isə varmı?
– Hər zaman mənim yanımda olan, dostum, menecerim, ən böyük dəstəkçim Anar Axundzadəyə təşəkkür etmək istəyirəm. Yaxşı ki, bu yolu mənimlə gedir.
Mehri Qurban