Azərbaycanlı professor 8 milyon avro məbləğində qrant qazanıb.
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina Danimarka Milli Tədqiqat Fondunun qrantına layiq görülüb. “Xəzər Xəbər”ə müsahibə verən professor bildirir ki, inkişaf etmiş ölkələrin nümayəndələrinin də müraciət etdiyi bu layihədə qrant əldə edə bilmək üçün çox böyük təcrübə tələb olunur.
Professor vurğulayıb ki, hazırlanmış proyektə Danimarka Milli Tədqiqat Fondunun üzvləri, akdemiklər, eləcə də professorlar tərəfindən baxıldıqdan sonra seçim mərhələsi həyata keçirilir. Müxtəlif ölkələrin alimlərinin qatıldığı layihənin 95% ə qədər iştirakçısına imtina verildiyi halda, professorun miqren xəstəliyi ilə bağlı hazırladığı layihə Fondun üzləri tərəfindən bəyənilib.
Məsud Aşina bildirib ki, qrant Miqrendə Kəşflər Mərkəzinin yaradılmasına sərf ediləcək.
Qeyd edək ki, Məsud Aşina 2019-cu ildə Lundbeck Professor Proqramı Fondunun ən böyük həcmli qrant proqramında iştirak edərək baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə də 5 milyon avro mükafata layiq görülüb. Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib. Eyni zamanda diaspor fəaliyyətində xidmətlərinə görə Prezidentin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi yubiley medalı” ilə də təltif edilib.