Fövqəladə Hallar Nazirliyi tərəfindən “Azpetrol” şirkətin yanacaqdoldurma məntəqələrində kütləvi yoxlama aparılıb.
Qaynarinfo-nun məlumatına görə, “Azpetrol Ltd.” MMC-nin yanacaqdoldurma məntəqələrində ciddi pozuntular aşkarlanıb.
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 105 ünvanında yerləşən MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı obyektin pilləkən qəfəsliyinin altının hörülərək bağlanması, obyektdə mövcud olan yanğınsöndürən balonların bir qisminin tərkibinin yenilənməməsi, obyektdə mövcud olan yanğın su kranlarının rəflərinin nömrələnərək möhürlənməməsi, obyektin ərazisinə yaxınlaşan avtomobillərə mühərrikləri söndürülməmiş xidmət göstərilməsi aşkar edilib.
Yanacaqdoldurma məntəqəsində aşkarkanan pozuntular ətrafdakı insanların həyatını və obyektlərin fəaliyyətini təhlükə altına atıb. Təkcə bu iş üzrə şirkətə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilib.
Məhkəmə “Azpetrol Ltd.” MMC-ni 400 manat məbləğində cərimə edib. Şirkət üzərində nöqsanların aradan qaldırılmasını tələb kimi qoyulub.
Qeyd edək ki, “Azpetrol Ltd.” Nizami rayonu, Heydər Əliyev prospekti, 108D ünvanında yerləşən yanacaqdoldurma məntəqəsinə görə də 400 manat cərimələnib. Yanacaqdoldurma məntəqəsində keçirilmiş planlı yanğın-texniki müayinə zamanı obyektdə pilləkən qəfəsliyinin altına mebellər, şkaflar, avadanlıqlar və digər materialların toplanması, obyektdə mövcud olan odsöndürən balonların bir qisminin tərkibinin yenilənməməsi, obyektdə mövcud olan yanğın su kranlarının rəflərinin nömrələnərək möhürlənməməsi, obyektin ərazisinə yaxınlaşan avtomobillərə mühərrikləri söndürülməmiş xidmət göstərilməsi aşkar edilib. Həmin yanacaqdoldurma məntəqəsində də insanların həyatı və obyektlərin fəaliyyəti təhlükə altına qoyulub.