Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 600-dən yuxarı bal toplayıb universitetə qəbul olunan Rəvan Əlizadə, Əyyub Məmmədov, Ülviyyə Məmmədova və Tahirə Rəşidlə görüşüb. Rektor imtahanda yüksək nəticə göstərib AzTU tələbəsi adını qazanmaları münasibətilə onları təbrik edib, təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıb.
“Yeni Gündəm” xəbər verir ki, AzTU-da görülən işlərdən danışan rektor bildirib ki, universitetin hədəfi regionun ən aparıcı ali təhsil müəssisələrindən birinə çevrilməkdir. Bu mənada universitetdə həyata keçirilən bütün fəaliyyətlərin müasir standartlar səviyyəsində qurulması əsas məqsədlərdəndir. Son illər AzTU-da aparılan innovativ yeniləklərdən danışan Vilayət Vəliyev görülən hər bir işin tələbələrin yüksəkixtisaslı kadr kimi formalaşmasına xidmət etdiyini vurğulayıb. Rektor AzTU-nun beynəlxalq əlaqələri, həmçinin universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən də danışıb.
Daha sonra tələbələrin sualları cavablandırılıb. Tələbələr səmimi görüş üçün rektora təşəkkür ediblər.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ə Əlizadə 643,7 bal, Əyyub Məmmədov 628,5 bal, Ülviyyə Məmmədova 619,6 bal, Tahirə Rəşid 603,8 bal toplayıb.
Onlar AzTU ilə Ankara Universitetinin kompüter mühəndisliyi ixtisası (tədris ingilis dilində) üzrə ikili diplom proqramına qəbul olunub.