Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Nərmin Rzayeva Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bu barədə “Yeni Gundem”-ə Universitetin mətbuat xidmətindən xəbər verilib.
AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Bildirib ki, Nərmin Rzayeva müxtəlif ali məktəblərdə bir sıra vəzifələrdə çalışıb. Onun həm tədris, həm də ictimaiyyətlə əlaqələr sahəsində kifayət qədər təcrübəsi var. Bundan əlavə, Nərmin Rzayeva Niderlandın Leiden Universitetində elmmetriya ixtisası üzrə təhsil alıb. O həmçinin texnika üzrə fəlsəfə doktorudur. Bu baxımdan Nərmin Rzayevanın AzTU-da sözügedən vəzifəyə təyin olunması təqdirəlayiqdir.
Öz növbəsində Nərmin Rzayeva ona göstərilən etimada görə təşəkkürünü bildirib. Qeyd edib ki, son illər yüksək templə irəliləyən AzTU-da ona göstərilən etimadı doğruldacaq və universitetin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.