Baffeti fotoşopla aldatdılar – 800 milyonluq dələduzluqbackend

Almaniyanın paslanmaz polad istehsalçısı “Wilhelm Schulz” şirkətinin keçmiş rəhbərliyi böyük fırıldaqçılıqda şübhəli bilinir.

“Yeni Gündəm” “Financialstandards.com”a istinadən xəbər verir ki, onların qurbanlarından biri də əfsanəvi ABŞ investoru Uorren Baffet olub. Məqalədə qeyd olunur ki, bir neçə il əvvəl şirkət sahibləri fotoşop proqramı vasitəsilə maliyyə vəziyyətləri ilə bağlı sənədləri saxtalaşdırıblar. Daha sonra 2017-ci ildə Baffettin “Berffhire Hathaway Inc” şirkətinin “Wilhelm Schulz” şirkətini 800 milyon avro ödəyərək aldığı bildirilib.

Lakin “Berffhire Hathaway”ə qısa müddət sonra yeni alınmış şirkətin hesablarının saxtalaşdırıldığı barədə anonim məlumat daxil olur. “Berffhire Hathaway Inc” rəhbərliyi sənədləri yoxlamağa başladıqda böyüməkdə olan yox, əksinə müflisləşməkdə olan bir şirkət aldıqlarının fərqinə varıb. Nyu-Yorkun Arbitraj Məhkəməsi şirkətin dəyərinin 157 milyon avrodan çox olmadığı qərarına gəlib, keçmiş sahiblərinə isə 643 milyon avroluq fərqi kompensasiya etmək öhdəliyi qoyub.

Almaniya prokurorluğunun məlumatına görə, bu, “Wilhelm Schulz” investorları tərəfindən edilən ilk fırıldaq deyil. Müstəntiqlərin fikrincə, şirkətdə sifariş və hesab-fakturalar mütəmadi olaraq saxtalaşdırılır. 47 kommersiya əməliyyatının isə tamamilə uydurma olduğu bildirilib. Şirkətin keçmiş sahibləri isə bütün iddiaları rədd edib.