2023-cü ildə şirkətlər və əhali “Ziraat Bank Azərbaycan”dan əmanətinin 45 milyon manatdan çoxunu geri çəkib.
Bankın maliyyə hesabatına əsasən, bu ilin III rübündə Bankda fiziki şəxslərin tələbli depozitlərinin həcmi 22,23 milyon manat təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 6,5% və ya 1,6 milyon manat azdır.
2023-cü il yanvarın 1-nə əhalinin bankdakı tələbli əmanətlərinin həcmi 23,81 milyon manata bərabər olub.
Şirkətlərin “Ziraat Bank Azərbaycan”dan geri çəkdiyi əmanətlərin həcmi isə daha böyükdür. Belə ki, bankda hüquqi şəxslərindən müddətli depozitləri bu il 2 dəfə və ya 44,1 milyon manat azalaraq 44,29 milyon manata enib.
Bu ilin yanvarın 1-də bu rəqəm 88,42 milyon manat təşkil edib. Bu ilin III rübü üzrə “Ziraat Bank Azərbaycan”ın ümumi depozit portfeli isə 391,91 milyon manat təşkil edib. Bu da ilin əvvəlinə nisbətən 23,3% çoxdur.
Qeyd edək ki, son dövrlər ölkədə bankların bağlanması aktual mövzulardan biridir. Çünki cari ildə artıq bir neçə bankın lisenziyası ləğv edilib. Bu gün Azərbaycanda fəaliyyət göstərən banklardan biri də “Ziraat Bank Azərbaycan” ASC-dir.
Xatırladaq ki, “Ziraat Bankı” Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açıb.
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlayıb.
Cari ildə şirkətlər və əhalinin “Ziraat Bank Azərbaycan”dan əmanətinin 45 milyon manatdan çoxunu geri çəkməsi adıçəkilən bankın da lisenziyasının ləğv edilməsi ilə nəticələnə bilərmi?İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bu ikitərəfli prosesdir və adıçəkilən bankda vətəndaşların əmanətləri 2023-ci ilin əvvəlində əksinə, artıb:
“Bu da onunla bağlıdır ki, ilk növbədə vətəndaşların əmanətləri qorunan əmanətlərdir. Ona görə də vətəndaşlar əmanətlərini banka qoyurlar. Ancaq şirkətlərin əmanətlərinin sığortası yoxdur. Bağlanan bankların da təcrübəsi göstərir ki, həmin pullar qayıtmır.
Yəni sığortası yoxdur və Əmanətlərin Sığortalanması Fondunun qeyri-qənaətbəxş fəaliyyəti nəticəsində o pullar da qayıtmır. Ona görə də təhlükədir. Digər tərəfdən də şirkətlər bizneslə məşğul olmaq üçün banklarda pul saxlayırlar. Əgər sadəcə saxlamaq istəsələr şirkətlərin sahibləri o pulları çıxarar, fiziki şəxs kimi öz adlarına qoyarlar, niyə saxlayırlar?
Şirkətlər banklarda ona görə pul saxlamalıdırlar ki, biznes üçün istifadə etsinlər. Hazırda biznes fəaliyyətində aktivlik yoxdur. Ona görə də onlar üçün vəsaitin bankda saxlanmasının o qədər də əhəmiyyəti yoxdur. Yəni əsas səbəblər yoxdur. Əhalinin əmanətlərində son 1-2 ayda azalma var. Bu da yay aylarında vətəndaşların səfərləri kimi amillərlə bağlı baş verdiyini nəzərə alsaq, qısamüddətli dövrü əsas kimi qəbul etmək doğru deyil.
Ümumiyyətlə, vətəndaşların, şirkətlərin əmanətlərini geri çəkməsi hər hansı bank üçün mənfi amildir. Bu, böyük banklar üçün elə də problem yaratmır, onsuzda pulları çoxdur. Ancaq kiçik və orta banklar üçün mənfi haldır.
“Ziraat Bank” orta bankdır və onun üçün problemdir. Ancaq təhlükə deyil, onun baş ofisi Türkiyədədir və lazım olsa, onlara əlavə vəsait də ayıra bilər. Hazırda bağlanmaq təhlükəsi yoxdur”.