06 may 2022-ci ildə Daş Salnamə Muzeyində Bakı Milli Geyim Evi Şuşa ilinə həsr edilmiş “Şuşa 2022 – Qarabağ Geyimləri” Kolleksiyasının təqdimat mərasimini keçirib.
“Yeni Gündəm” xəbər verir ki, mərasimdə millət vəkilləri, modelyerlər, KİV rəhbərləri, media və ictimaiyyətin digər nümayəndələri iştirak edib. Təqdimat mərasimini açıq elan edən sənətşünas-aparıcı Xəyalə Rəis qonaqları salamladıqdan sonra dəfilə iştirakçılarını podiuma dəvət edib.
Qarabağla bağlı musiqilərin sədaları altında gənc modelyerlər bir-birinin arxasınca podiuma daxil olub xüsusi zövqlə hazırlanmış, qədimliklə müasirliyi özündə ehtiva edən milli geyimləri, örtükləri, araqçınları, ləbbadələri nümayiş etdiriblər.
Kişilər üçün hazırlanmış Qarabağ geyimləri Cəngi sədaları altında Qələbənin möhtəşəmliyini öz çalarları ilə daha qabarıq göstərirdi. Şuşa qələbəsinə həsr edilmiş, xüsusi hazırlanmış nəfis tərtibatlı ağ milli geyim hər bir Azərbaycan xanımının arzusunda olduğu formada hazırlanıb. Dəfilədəki təqdimatların gurultulu alqışlanması iştirakçıların kolleksiyada təqdim edilən bütün geyimlərdən razı qalmalarından xəbər verirdi.
Tanınmış modelyer Fəxriyyə Xələfova və millət vəkili Aydın Mirzəzadə çıxış edərək uğurla baş tutan, anşlaqla qarşılanan Kolleksiya təqdimatı üçün Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylini təbrik edərək, müasir dövr üçün Qarabağ geyimlərinin önə çəkilməsinin vacib olduğunu vurğulayıblar.
Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli gələn qonaqlara təşəkkür edərək bildirib ki, Qələbə xəbərini Parisdə göz yaşları ilə eşidən gündən Şuşa geyimləri, Qarabağ geyimləri Kolleksiyası hazırlayaraq təqdimat etməyi qarşıya məqsəd qoyub. Parçaları və geyimlərin aksessuarlarını xaricdən seçərək gətirdiyini, bu kolleksiyanın heç də asan başa gəlmədiyini vurğulayan Könül xanım əziyyətin bəhrəsinin bəyənilməsindən şad olduğunu, növbəti Qarabağ Geyimləri Kolleksiyasını Şuşada keçirmək arzusunu bildirib. Şuşa ilinə həsr edilmiş Bakı Geyim Evi “Şuşa 2022 – Qarabağ Geyimləri” Kolleksiyasının təqdimat mərasimi sonda xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Yenigundem.az