“Bakı prosesi” – mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi. Bununla sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. “Bakı prosesi”nin əsas aktorları Azərbaycan Respublikası hökuməti, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatıdır.
Xüsusilə qeyd etmək yerinə düşər ki, “Bakı prosesi” sayəsində bəşəriyyətin qlobal təhlükəsizliyinin təmini və dövrümüzün ən mühüm vəzifəsi kimi mədəniyyətlərarası dialoqa və mədəni müxtəlifliyə böyük diqqət ayrılır. “Bakı prosesi”nin ayrılmaz və əsas tərkib hissəsi olan bütün Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək vəzifəli şəxslər, müxtəlif beynəlxalq təşkilatların başçıları, görkəmli ictimai xadimlər, məşhur mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.
Azərbaycanda keçirilən forumlarda sübut olundu ki, “Bakı prosesi” Prezident İlham Əliyevin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən malik olduğumuz mehriban birgǝyaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir.
Gülzar Cavadzadə Qurban qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti