Bakı Tbilisi ilə yeni dövrə qədəm qoyur – “Gürcüstanla hərbi əməkdaşlıq Ermənistana siqnal olacaq”backend

Dünyada gedən son prosseslər əlaqələri müsbət olan ölkələri bir-birinə yaxınlaşdırır. Məsələn: Qazaxıstan-Özbəkistan, Rusiya -Belarusiya, Çin-Rusiya və.s.

Azərbaycan son zamanlar regionda əsas siyasi güc olduğunu bütün dünyaya nümayiş etdirib. Diplomatik əlaqələri yüksək səviyyədə olan ölkələrlə əməkdaşlıq edir, yeni uğurlara imza atır.

Həmin ölkələrdən biri də Şimal-qərb qonşumuz Gürcüstandır. İki ölkə münasibətləri 2022-2023-cü illərdən ən yüksək müsbət dövrünü yaşayır.

Keçən ilin payızında Prezident İlham Əliyevin Gürcüstana, eyni zamanda bu yaxınlarda Gürcüstan baş nazirinin ölkəmizə səfəri yuxarıda qeyd olunanların əyani sübutdur.

Elə bu gün Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq razılaşması imzalanıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Geniş tərkibdə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Azərbaycan -Gürcüstan münasibətləri ilə bağlı suallarımızı cavablandıran siyasi analitik Kənan Novruzov açıqladı ki, Gürcüstanla hərbi əməkdaşlıq Ermənistana siqnal olacaq.

“Azərbaycanın dünya ölkələri ilə, xüsusi ilə region ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməyi kifayət qədər əhəmiyyətlidir. Gürcüstanla hərbi əməkdaşlıq Ermənistana siqnal olacaq. Ermənistan bundan sonra özünü təcrid olunmuş hesab edəcək və öz addımlarında şübhəsiz ki, daha diqqətli olacaq”.

K.Novruzov hesab edir ki,  Bakı ilə əlaqələrin yüksək səviyyədə olmağı Tbilisi üçün çox vacibdir.

“Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da artan templə davam edəcək. Gürcüstan baş nazirinin ölkəmizə səfəri, liderlərin mətbuata birgə bəyanatlarla çıxışında səsləndirdiyi ifadələr də bunu deməyə əsas verir. Azərbaycan bütün ölkələrlə münasibətlərdə maraqlıdır. Biz sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Hər iki ölkə bir-birlərində əməkdaşlıqda maraqlıdırlar. Tbilisi başa düşür ki, bu gün regionun əsas siyasi aktoru rəsmi Bakıdır. Bakı ilə əlaqələrin yüksək səviyyədə olmağı Tbilisi üçün çox vacibdir”.

3+3 platformasından bəhs edən siyasi analitik bildirdi ki, Rəsmi Bakı həm Tbilisi, həm də Moskva ilə münasibətləri yaxşı olan aktor kimi hər iki dövlətlə münasibətləri paralel aparmalıdır.

“3+3 platformasında 3 ölkənin razılığı əldə olunub. Ermənistan prinsip etibarı ilə əvvəl-axır bununla razı olmalıdır. Ermənistan başa düşür ki, regionda əməkdaşlıqdan savayı başqa heç bir yolu yoxdur. Əgər İrəvanın layihədə yeri olmasa gələcəkdə Ermənistanın vəziyyəti daha da gərginləşəcək. İran başa düşür ki, regional əməkdaşlıq mühiti özündə həmdə bir çox məqamları ehtiva edir. İran birmənalı olaraq buna qarşıdır. Gürcüstanın əsas narazılığı Rusiya ilə bağlıdır. Rusiya Gürcüstanın müəyyən ərazisini işğal edib. Belə olan halda Tbilisi Moskva ilə eyni lahiyədə olmasını istəməz. Hazırda 3+3 platforması ilə bağlı əsas razı olmayan tərəf Gürcüstandır. Burada da əsas vasitəçi rəsmi Bakı olmalıdır. Rəsmi Bakı həm Tbilisi, həm də Moskva ilə münasibətləri yaxşı olan aktor kimi hər iki dövlətlə münasibətləri paralel aparmalıdır”,- deyə o qeyd etdi.

Fərahim Rəhimov