“Azərbaycan və Özbəkistanı tarixi dərin köklər, eyni dil, din, mədəniyyət bir-birinə sıx bağlayır. İki ölkə arasındakı münasibətlərin əsası 90-cı illərdən qoyulub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu sahədə xidmətləri danılmazdır. Daşkənd 30 illik erməni işğalı dövrünə Bakının yanında olub. Bunu konkret əməllərdə nümayiş etdirib. Son zamanlarda iki ölkə münasibətləri bütün sahələrədə uğurla inkişaf etməyə başlayıb. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətləri daha da səmimiləşdirir”.
Bu fikirləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Millət vəkilinin sözlərinə görə, Bakı və Daşkənd arasında hərtərəfli əməkdaşlıq platforması mövcuddur.
“Ticarət dövriyyəsinin durmadan artması, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx inteqrasiya bütün bunların kökündə dayanır. Özbəkistan Prezidentinin ölkə başçısı seçildikdən sonra ilk rəsmi səfərini ölkəmizə etməsi yuxarıda dediklərimizin bariz nümunəsidir. İki ölkə münasibətləri durmadan inkişaf edir. Dünən Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədlər imzalandı. Hal hazırda prezidentlər Qarabağdadırlar. Füzulidə Özbəkistanın maliyyə imkanına inşa etdirdiyi məktəbin açılışı oldu. Bu səfər bir daha onu göstərir ki, Azərbaycan və Özbək xalqları ayrılmaz və sarsılmaz qardaş və dostdurlar. İki ölkə münasibətləri strateji mütəffiqlik səviyyəsinə yüksəlmə mərhələsindədirlər”,-deyə o qeyd edib.
“Yeni Gundem”