Bakıda bəy gəlini nikah masasında tərk etdibackend

Bakıda bəy gəlini Bakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib. Vüsal Aydanın yaşadığı binanın blokunda onun sifət nahiyəsinə şillə, ağız nahiyəsinə yumruqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vüsal bildirib ki, Aydana xəsarət yetirməyib, onu döyməyib, telefonunu sındırmayıb: “Əvvəllər Aydanla aramızda sevgi münasibətləri olub. Lakin ondan ayrılmaq qərarına gəldim. Nikah günü Aydanı tərk edərək Türkiyə Respublikasına getdim.

Aydan bununla razılaşmadı, məni daim narahat etdi, mesajlar yazdı. O, məndən qisas almaq üçün belə bir şikayət edib. Ona xəsarət yetirməmişəm, blokda aramızda normal söhbət olub. Aydanın bədəni üzərində aşkar olunan xəsarətləri anasının yetirdiyini düşünürəm. Çünki o, mənə mütəmadi olaraq anası tərəfindən döyüldüyünü, hətta bir dəfə anasının onun saçını kəsdiyini bildirib”.

Təqsirli bilinən şəxs deyib ki, Aydanın onu narahat etməsini əks etdirən mesajları, anası tərəfindən döyüldüyünü təsdiq edən şəkilləri telefonun yaddaşından silib. Bu səbəbdən həmin sübutları məhkəməyə təqdim edə bilmir.

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Vüsalı bir ilə yaxındır tanıyır, onunla aralarında sevgi münasibətləri olub və evlənmək qərarına gəliblər: “Lakin Vüsal məni nikah günü tərk edərək Türkiyəyə getdi. Amma əlaqəmiz kəsilmədi.

Hadisə baş verən günü Vüsalı yaşadığım binanın qarşısında gözlədim və onunla qarşılaşdım. Vüsal məndən telefonumu tələb etdi, hədə-qorxu gəldi. Mən isə əlavə səs-küy olmasın deyə onunla binanın blokuna daxil oldum və telefonumu ona verdim. Blokda Vüsal məni xəyanətdə ittiham edərək telefonumu yerə çırpıb yararsız vəziyyətə saldı. Həmçinin sifət nahiyəmdən şillə və yumruqla vurdu. Hətta məni boğaraq öldürəcəyi ilə hədələdi.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim. Daha sonra 24-cü polis şöbəsinə ərizə yazdım və tibbi ekspertizadan keçdim”.

Zərərçəkmiş bildirib ki, Vüsaldan şikayətçidir, ona xəsarət yetirib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Vüsal 15 gün müddətinə inzibati qaydada həbs edilib./Teleqraf.com