Bakıda bəzi yollarda hərəkət yenidən təşkil ediləcək, solda əks istiqamətli xüsusi hərəkət zolağı salınacaqbackend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi arasında olan hissəsində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlayıb. Bunu AYNA-nın Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsində mövcud hərəkət zolaqlarının ölçülərini standartlara uyğunlaşdırmaqla Elman Babaxanov (Süleyman Rüstəm) küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək hissədə, sol tərəfdə xüsusi hərəkət zolağının təşkili nəzərdə tutulur: “Bundan başqa, Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında olan hissəsində mövcud hərəkət istiqamətinə əks istiqamətdə olmaqla xüsusi hərəkət zolaqlarının təşkili də planlaşdırılır.

Bununla da Şəmsi Bədəlbəyli küçəsində sol tərəfdə xüsusi hərəkət zolağından Azadlıq prospektində əks istiqamətdə təşkil ediləcək xüsusi hərəkət zolağı vasitəsilə “28 May” metrostansiyası ətrafında yaradılacaq HUB-a və Füzuli küçəsinə, eləcə də HUB-dan Füzuli küçəsinə avtobusların birbaşa hərəkəti təmin ediləcək”.

T. Səfərov əlavə edib ki, şəhərdə mobilliyin transformasiyası proqramında əsas prinsiplərdən biri nəqliyyatın və piyadaların hərəkət təhlükəsizliyinin təmin edilməsidir: “Bu məqsədlə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində hərəkət işıqfor vasitəsilə nizamlanacaq. Eyni zamanda, Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki mövcud mikromobillik zolaqlarının HUB daxilindəki mikromobillik yolları ilə əlaqələndirilməsi və mikromobillik vasitələri üçün yeni parklanma yerləri təşkil ediləcək”.

Report