Türkiyə Respublikasının yaranmasının 99-ci ildönümü münasibətilə Bakıda Heydər Əliyev Mədəniyyət mərkəzində rəsmi tədbir təşkil olunub.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və deputatları, dövlət və hökumət üzvləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, habelə bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışı zamanı, əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Daha sonra tədbir iştirakçılarını salamlayan səfir Cahit Bağcı Türkiyənin son zamanlar daha da güclənərək beynəlxalq aləmdə sülh və sabitliyin təminatçısı simvoluna çevrildiyini bildirib. Diplomat həmçinin Türkiyə və Azərbaycanın regiondakı birgə rolunun önəmindən danışıb. O, hazırki durumda Türkiyə və Azərbaycanın qlobal qida böhranına töhfəsini vurğulayaraq, bundan sonra enerji problemini də birlikdə həll edəcəyini bildirib.
“Türkiyə və Azərbaycan Avropanın dəyişən təhlükəsizlik və enerji məsələlərinin həllində mühüm rola malikdir. Hər iki dövlət birlikdə Avropada mövcud olan enerji problemini həll etmək iqtidarındadır,” deyə səfir qeyd edib.
Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Cahit Bağçı deyib: “Bu gün 5 mindən çox Türkiyə şirkəti Azərbaycanda, 3 minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. Ticari dövriyyə 5 milyard dollardan çoxdur”.
Səfirin sözlərinə görə, Türkiyə ilə Azərbaycan Avropaya, Asiyaya açılan iki körpüdür və strateji “mərkəz” rolunu oynayır.
O bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir.
Səfir Bağçı sonda Türkiyənin bütün imkanları, özəl və beynəlxalq təcrübəsi ilə hər bir sahədə Azərbaycanın yanında olduğunu qeyd edib.
Daha sonra rəsmi qəbulda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək, Türkiyə Respublikasının yaradılmasının 99-cı ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
“Xüsusən qeyd edilməlidir ki, son illərdə Türkiyə Respublikasının Prezidenti, böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarıb. Türkiyədə, eləcə də Türkiyə Respublikasının iştirakı ilə dünyanın digər bölgələrində, xüsusən Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələr xalqların rifahına və tərəqqisinə xidmət edir.
Türkiyə beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Hesab edirəm ki, bu nüfuz bir tərəfdən və təbii olaraq, onun siyasi, iqtisadi, hərbi, intellektual, mənəvi potensialı və geosiyasi önəmi ilə bağlıdır. Digər tərəfdən isə onunla bağlıdır ki, Türkiyənin xarici siyasəti bu gün dünya miqyasında böyük ehtiyac duyulan haqq-ədalət və dürüstlük meyarları üzərində qurulub”, – deyə Sahibə Qafarova bildirib.
Çıxışdan sonra tədbir iştirkçıları açıq bufetə dəvət olunub və daha sonra mötəbər qonaqlarla xatirə şəkilləri çəkdirilib.