Bakıda vətəndaşların icazəsi olmadan evlərini sökdürən vəzifəli şəxsə hökm oxundubackend

Nəsimi Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Qulam Quliyevin (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Hökmdə qeyd edilib ki, Baş Prokurorluğun depozit hesabına ödənilmiş 38 000 manat pul iş üzrə bir zərərçəkmişə və 36 000 manat pul isə digər zərərçəkmiş şəxsə verilsin.

İttihama görə, Qulam Quliyev paytaxt ərazisində fəaliyyət göstərən Mənzil-Tikinti Kooperativlərinin (MTKı) birində menecer vəzifəsində işləyib. O, 2022-ci ildə MTK-nın sədri tərəfindən təsdiq edilmiş xidməti vəzifələrinin icrası ilə əlaqədar şirkət üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib.

Belə ki, Qulam 07 yanvar 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən ünvanda Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan, sahəsi 17 m-lik, 36 000 manat dəyərində olan və yaşamaq üçün sığınacaq kimi zərərçəkmiş M.M.-in (şərti) istifadəsinə verilmiş bir otaqlı mənzili onun razılığı olmadan sökülməsinə göstəriş verib.

Bundan başqa, o, 07 yanvar 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən ünvanda ümumi sahəsi 18 m2 təşkil edən zərərçəkmiş N.N.-in (şərti) xüsusi mülkiyyətindəki 38 000 manat dəyərində olan bir otaqlı mənzilin onun razılığı olmadan sökülməsinə göstəriş verib.

Hər iki ev ağır texnikadan istifadə etməklə sökülərək məhv edilib.

Daha sonra Qulam Quliyev saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.