Sentyabrın 11-də Baş prokuror Kamran Əliyev ölkəmizə işgüzar səfərə gələn Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qonaqları salamlayan Baş prokuror, Ömər Kərkəzi qardaş ölkənin Ali Məhkəməsinin sədri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.
Tarixən milli köklərə söykənən münasibətlərimizin bütün sahələrdə dinamik inkişaf etdiyi bildirilərək, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri və apardıqları uzaqgörən xarici siyasət nəticəsində əlaqələrimizin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş bərpa quruculuq işlərinin aparıldığını, o cümlədən bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirərək, bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.
Baş prokuror bu ilin payızında ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, o cümlədən COP29 və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransına ev sahibliyi edəcəyini bildirib.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Ömər Kərkəz ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirilərək, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.