Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar.
Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb, onların icrası ilə əlaqədar konkret göstərişlər verib.
Yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə qoşun xidməti və döyüş növbətçiliyinin təşkili yoxlanılıb. Məruzə olunub ki, mövqelərdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz xidmət aparılır, döyüş növbətçiliyi təşkil olunur.
General-polkovnik K.Vəliyev həmçinin artilleriya, mühəndis və komando hərbi hissələrinə gələrək döyüş hazırlığını yoxlayıb, bölmələrin gündəlik fəaliyyəti, yerinə yetirilən tədbirlərlə bağlı komandir heyətlərinin məruzələrini dinləyib.
Bildirilib ki, qarşıya qoyulmuş tapşırıqlar plan üzrə icra olunur, döyüş hazırlığı tədbirlərinin tələblərə uyğun təşkili və keçirilməsinə xüsusi diqqət yetirilir.
Sonda Baş Qərargah rəisi komando bölmələrindən birinin döyüş hazırlığı üzrə təlim və məşqlərini izləyib, onların keyfiyyət və intensivliyinin daha da artırılması, habelə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi barədə komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.