Bayden İranın təhdidlərinə bir cümlə ilə CAVAB VERDİbackend

ABŞ prezidenti Co Bayden İranın aprelin 12-də cümə günü İsraildən qisas almaq niyyətinə münasibət bildirib.

Jurnalistlərin Tehranın ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiqinə zərbə hazırlaması ehtimalı ilə bağlı Baydenin İrana mesajının nə olacağı maraqlanıb. Prezident bir cümlə ilə cavab verib: “İran bunu etməsin”.

Bayden eyni zamanda ABŞ-ni İsraili qorumağa sadiqliyini növbəti dəfə nümayiş etdirib.

“Biz İsraili dəstəkləyəcəyik və onun özünü müdafiəsinə kömək edəcəyik və İran planlaşdırdığı heç nəyə nail olmayacaq”, – ABŞ lideri vurğulayıb.

“Yeni Gundem” xatırladır ki, İran və İsrail arasında münasibətlər aprelin 1-də İslam Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hücumdan sonra pisləşib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı , Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi, həmçinin onları müşayiət edən beş zabit həlak olub. Hücumdan sonra İran İsraili cavab tədbirləri ilə hədələyib.

Daha sonra, aprelin 11-də ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşlarına və onların ailələrinə İranın İsrailə hücum təhdidləri fonunda təhlükəsizlik baxımından böyük şəhərlərdən kənara çıxmaq qadağan edilib.

Orxan HƏSƏNLİ,