Bu gün Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Halle-Vittenberq Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Vilnüs Universiteti, Fransanın Lion2 Universitetinin birgə təşkilatçılığı ilə BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib.
“Yeni Gündəm”-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan haqqında hazırlanan video-təqdimat və BDU-nun infoturu təqdim edilib.
BDU-nun rektoru Elçin Babayev deyib ki, konfransın keçirilməsi Bakı Dövlət Universitetinin həyatında mühüm hadisədir. O qeyd edib ki, konfrans elmi tədqiqatlar prosesinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək, gələcək səmərəli iş üçün stimul yaradacaq:
“BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət təşkilatlarını hüquqşünas kadrlarla təmin edib. Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. Hüquq fakültəsi Azərbaycan hüquq elminin ən aparıcı və köklü hüquq təhsil mərkəzi kimi həmişə özündə kifayət qədər elmi potensialı cəmləşdirib. Fakültə son dövrlər dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaradıb, bu əlaqələr tədrisin keyfiyyətinin və elmi səviyyəsinin daim yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərib”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxışında konfransın təşkilatçılarına təşəkkür edib və konfransda iştirak etməkdən məmnun olduğunu bildirib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, digər elmlər kimi hüquq elmi də cəmiyyətin davamlı olaraq inkişafı ilə əlaqədar əhəmiyyətli dəyişikliklərə məruz qalır. Onun sözlərinə görə, ictimai münasibətlərin, mövcud qanunvericiliyin dəyişməsi pozitiv hüquqa təsirsiz ötüşmür:
” Bu baxımdan alimlərimiz, gənc tədqiqatçılarımız yeni reallıqları və ictimai münasibətləri, mövcud vəziyyəti nəzərə alaraq bu münasibətlərin insan hüquq və azadlıqlarının təmini baxımından daha səmərəli tənzimlənməsi istiqamətində öz elmi araşdırmalarını davam etdirməli, hüquq elminə töhfə verən nailiyyətlər əldə etməlidirlər.
Qeyd etmək istərdim ki, insan hüquqları sahəsində təhsil əsas istiqamətlərdən biridir.
Bu gün burada təhsil alan tələbələr bu prosesdə yaxından iştirak edir. İki gün ərzində konfransa maraqlı disskusiyalar aparılacaq. Sizlərə uğurlar arzu edir, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edirəm”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu gün dünyada baş verən proseslər, yeni çağırışlar hüquq elminin üzərinə ciddi vəzifə qoyur. O qeyd edib ki, hüququn bütün sahələrində vaxtında elmi tədqiqatların aparılması zərurətdir:
“Bu yaxınlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük bir amnistiya aktı verildi. Bu amnistiya aktı 16 minə yaxın insanı əhatə etdi. Bu kimi aktlar ondan xəbər verir ki, dövlətin cəza siyəsəti daima humanist olub, ikinci növbədə isə cəzaya məruz qalan insanların yenidən tərbiyə məsələləri diqqətdədir.
Ulu Öndərimizin də dediyi kimi, əsas məsələ hüquqi dövlətin ən yüksək zirvələrinə gəlib çıxa bilməkdir. Bu, bir prosesdir və biz də bu prosesdə müvafiq addımları atmalıyıq. Konfransın işinə uğurlar arzu edirəm”.
Konfransda Özbəkistanın Daşkənd Hüquq Universiteti, Litvanın Vilnyus Universiteti, Almaniyanın Halle Vittenberg Universiteti ilə BDU arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, iki gün davam edəcək konfransda müasir dövrdə hüquq nəzəriyyəsi və tarixi, cinayət hüququnun inkişafının yeni tendensiyaları, cinayət prosesi və kriminalistikanın müasir problemləri, nsan hüquqları, əqli mülkiyyət və informasiya hüququ, mülki hüquq, kommersiya hüququ və əmək hüququnun müasir problemləri istiqamətləri üzrə müzakirələr aparılır.