Bakı Dövlət Universitetində (BDU) “Jurnal məqalələri üçün akademik ingilis dili” mövzusunda seminar keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin rəhbəri Mais Süleymanov bildirib ki, təlimin keçirilməsində əsas məqsəd Universitet alimlərinin, doktorantların və gənc tədqiqatçıların impakt faktorlu elmi jurnallarda məqalələrinin nəşri prosesində akademik ingilis dilinin təkmilləşdirilməsinə kömək etməkdir.
“Web of Science” və digər bu kimi elmi bazalarda indekslənən jurnallarda dərc olunacaq elmi məqalələrdə akademik ingilis dilinin təkmilləşdirilməsi üçün Q1 kateqoriyalı 2.259 impakt faktorlu “Historical Biology (An International Journal of Paleobiology)” jurnalının baş redaktoru Garez Dayk “Jurnal məqalələri üçün akademik ingilis dili” mövzusunda təqdimatla çıxış edib. G.Dayk akademik yazı metodologiyası, plagiarizm, sitatgətirmə, ədəbiyyat siyahısını hazırlamaq kimi məsələlərdən bəhs edib, yüksək indeksli jurnallarda məqalələrə olan şərtlər və tələblər barədə məlumat verib. O, mövzunun akademik ictimaiyyət üçün aktuallığını vurğulayaraq, nümunələr əsasında bəhs olunan məsələlərə aydınlıq gətirib. G.Dayk “yırtıcı” jurnalların artıq reallığın bir parçasına çevrilməsindən və onlarla mübarizə aparmağın yollarından danışıb.
Seminarda çıxış edən BDU-nun rektoru Elçin Babayev ölkəmizin bilik iqtisadiyyatına keçidinin təmin olunmasında BDU-nun əsas dayaqlardan birinə çevriləcəyinə əminliyini ifadə edib. Bildririb ki, dünyanın aparıcı reytinqlərində ilk pillələri məhz tədqiqat yönümlü universitetlər tutur. Gənc tədqiqatçılara və doktorantlara tövsiyələrini verən rektor E.Babayev akademik məqalələrdə ingilis dilinin düzgün təbiqinin vacibliyini vurğulayıb.
Sonda G. Dayk seminar iştirakçılarının suallarını cavablandırıb.