BDYPİ-nin “Nəvahi postu”nda anarxiya sərhəd tanımır – RƏZALƏTbackend

Hər kəsə aydındır ki, son illər Daxili İşlər Nazirliyinin tabeli qurumlarında həyata keçirilən islahatlar geniş ictimaiyyətin diqqətini olduqca cəlb etməkdədir. Çünki, DİN-yi müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri hesab olunur və belə bir səbəbdən də, hər kəs daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlara, ortaya qoyduqları yanaşmalara və s. lazımınca diqqət yetirir. Qeyd edək ki, Prezident İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli qurumlarında fərqli ab-hava formalaşmağa başladı. Faktdır ki, ötən 4 il 9 ay ərzində bu yöndə lazımi addımlar atıldı və bu gün də atılmaqda davam edir. Çox təəssüf hissi ilə qeyd edək ki, indiyə kimi cənab Nazirin rəhbərliyi altında lazımi addımların atılmasına baxmayaraq, hələ də yol polisi əməkdaşlarından bəziləri rəhbərliyin verdiyi tapşırıqlara məhəl qoymurlar, necə deyərlər çoxsaylı qanunsuzluqlara imza atmaqda davam edirlər. Belə bir səbəblər üzündəndir ki, bu gün də bir çox sürücülər bəzi yol polisi əməkdaşlarının müəyyən hoqqaları ilə üz-üzə qalırlar, getgələ salınırlar, hətta heç bir əsas olmadan fantastik dərəcədə cərimə də olunurlar.

Məsələn, Fərhad Məmməd oğlu Kazımov adlı sürücü də, məhz yol polisi əməkdaşlarının minbir hoqqaları ilə üzüzə qalan şəxslərdəndir. Belə ki, dünən bu şəxs idarə etdiyi 10-MZ-950 dövlət nişanlı “Fiat Albea” markalı avtomobili ilə ailəsini Bakı şəhərindən Hacıqabul rayonuna aparır və təqribən saat 14:00-da geri qayıdarkən, onu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımının (Navahi postu) Azər adlı əməkdaşı saxlayır və o, Fərhad Kazımova “sən sərxoş vəziyyətdə avtomobil idarə edirsən” deyir. Həmin vaxt sürücü içkili olmadığını bildirir və yol polisinin bu cür yanaşmasına qəti etirazını bildirir. Çox çəkçevirdən sonra Fərhad Kazımov Bakı şəhərinə gəlir və o, saat 15:50-də alkotesterdən keçərək içkili olmadığı haqda sənəd də alır. Həmin sənədə baxan Azər adlı yol polisi əməkdaşı ona deyir ki, “Mən bu sənədin həqiqiliyinə və sənədi möhürlə təsdiq edən qurumun fəaliyyətinə inanmıram”. O halda sual oluna bilər ki, necə inanmıram? Axı, narkotesti verən və həmin sənədi möhürlə təsdiq edən qurum dövlət qurumudur. Yol polisi əməkdaşının bu cür yanaşması onu ehtimal etməyə əsas verir ki, o, öz düşüncəsinə görə Azərbaycan Respublikasında bəzi dövlət qurumlarının varlığına və fəaliyyətinə şübhə ilə yanaşır.

Bütün bunlara baxmayaraq, hələ də bu şəxsin avtomobilini “Navahi postu”ndan buraxmırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Fərhad Kazımov avtomobilini Yol Patrul Xidməti Alayının 7-ci Tağımının həyətindən götürmək istəsə də, o, bu yöndə istəyinə nail ola bilmir. Çünki, bu gün həmin “post”da xidmətdə olan başqa bir yol polisi əməkdaşı Fərhad Kazımova “Səni saxlayan Azər adlı inspektor tapşırıb ki, “Fiat Albea” markalı avtomobilin sürücüsündən 700 manat almadan onun avtomobilini buraxmayın. Ona görə də həmin məbləğ pulu ver, avtomobilini götür” deyir. Bəli, bu da Daxili İşlər Naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun imzaladığı əmr əsasında, 2021-ci ildən “Nəvahi postu”na rəhbərlik edən Mərdan Mehdiyevin yaratdığı dəhşətli və dözülməz vəziyyətin varlığıdır. Bir sözlə, cənab Nazir dəfələrlə hər cür qanunsuzluğun, özbaşınalığın, haqsızlığın və s. kimi xoşagəlməz əməllərin qarşısının alınması yöndə BDYPİ-nin rəhbərliyinə, həmçinin bu qurumun tabeliyində çalışanlara lazımi tapşırıqlarını versə də, təəssüflər olsun ki, hələ də yol polisi sahəsində çalışanlar nə verilmiş tapşırıqlara əməl edirlər, nə də ki, qayda- qanun tanıyırlar.
Qeyd edək ki, gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə Mərdan Mehdiyevin rəhbərlik etdiyi “Nəvahi postu”nda yol polisi əməkdaşları bir nəfər mülki şəxs saxlayırlar. Elə ki, yol polisi əməkdaşları “post”da saxladıqları sürücülərlə anlaşırlar, o halda rüşvət şəklində tələb etdikləri pulları həmin mülki şəxsin hesab kartına vurdururlar. Bu da onu göstərir ki, Ramiz Zeynalovun rəhbərliyi altında fəaliyyət göstərən Yol Patrul Xidməti Alayının 7-ci Tağımında əməlli-başlıca anarxiyadır, biabırçılıqdır. Yaşanan olaylarla bağlı ortaya belə bir sual da çıxır, tutaq ki, Fərhad Kazımov spirtli içki qəbul edib və o, il ərzində ilk dəfə belə bir addımını atıb. Axı, bu cür addıma görə cərimə məbləği 380 manatdır. Deməli, “Nəvahi postu”nun inspektoru Azər müəllim 700 manatlıq rüşvəti, məhz özlərinə məxsus olan qanunla əldə etməyə çalışır. Qeyd edək ki, bütün bunlarla bağlı dünən BDYPİ-də vətəndaş şikayətlərinin qəbulunu həyata keçirən 902 – “Qaynar xətt” xidmətinə də məlumat verilib.
Hörmətli oxucular! Dünən “Nəvahi postun”da baş verən, hələ də öz həllini tapmayan bu problemlə bağlı “post”un komandiri Mərdan Mehdiyevi tapmaq və ondan məsələlərə münasibət öyrənmək, şəxsən bizim üçün müşkül məsələ oldu. BDYPİ-nin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi vəzifəsini daşıyan Rövşən Tağıyevin iki nömrəsindən heç birinə zəng çatmadı. Belə bir səbəbdən də, bu problemlə bağlı BDYPİ-nin səlahiyətli şəxslərindən mövqe öyrənə bilmədik və hazırladığımız bu yazını qarşı tərəfin mövqeyini öyrənmədən yayımlamağa məcbur olduq.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Kamal MİRZƏ
GundemXeber.Az