Qərbi Azərbaycandan zorla deportasiya edilmiş, fundamental hüquq və azadlıqları pozulmuş insanların haqqları bərpa edilməlidir. Bir neçə on illikdən sonra dünya birliyi Qərbi Azərbaycanlılarla bağlı ədalətin təmin edilməsinə çalışmalıdır. Çünki söhbət öz ata-baba yurdundan qovulmuş, etnik təmizləməyə məruz qalmış şəxslərin hüquqlarından gedir. Bu heç də ərazi iddiası məsələsi deyil. Ermənistandan fərqli olaraq Azərbaycan dövləti Qərbi Azərbaycanlıların sülh və təhlükəsiz şəkildə geri qaydışını, onlara layiqli şəraitin yaradılmasını istəyir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Qərbi Azərbaycanlıların hüquqlarının təmin edilməsi ilə bağlı bu gün beynəlxalq miqyasda edilən çağırışlara BMT başda olmaqla bir çox təşkilatlar adekvat reaksiya verir: “Bu sözsüz ki, nəhayət haqqın, ədalətin təmin olunacağına, yüz minlərlə azərbaycanlının pozulmuş fundamental hüquqlarının bir gün bərpa ediləcəyinə olan ümidləri artırır. Qərbi Azərbaycan İcması bu istiqamətdə mütəşəkkil olaraq iş aparmaqdadır. Əsl tarixi gerçəkliyinin nədən ibarət olması dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.
Millət vəkili bildirib ki, hər zaman olduğu kimi Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik mövqeyində dayan təşkilatlar, ölkələr Qərbi Azərbaycan mövzusuna da qısqanclıqla yanaşır: “Fransa, Belçika, Avropa Parlamenti, AŞPA kimi erməni lobbisinin yedəyində gedən qüvvələrin əsirinə çevrilmiş qurumlar bu xüsusda özlərinin növbəti riyakarlığını ortaya qoyur. Məhz bu günlərdə Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmaqla yanaşı Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli məsələləri qabartmağa çalışıblar. Sözsüz ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılan bu kimi yanaşmalar cəmiyyətimiz tərəfindən qətiyyətlə rədd ediilir. Amma görünən odur ki, özlərinin siyasi xəttində “erməni məsələsini” əsas götürmüş Belçika hökuməti Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə nəsə deməyə, yazmağa cəsarəti çatmayıb. Bu açıq şəkildə Belçika hökuməti tərəfindən Qərbi Azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkiliyin növbəti təzahürüdür”.
Məlahət İbrahimqızı həmçinin özünü insan hüquqlarının müdafiəçisi adlandıran “Human Rights Watch” təşkilatının dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycana qarşı olan qərəzli yanaşmaya da münasibət bildirib: “Bu qərəzli hesabatda Azərbaycana dair çoxsaylı böhtanlarla yanaşı, ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun ifadə yer almır. Bu, hər zaman ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən “Human Rights Watch” təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda növbəti ayrı-seçkiliyin təzahürü hesab edilir. Ermənistan sabiq prezidentlərinin Azərbaycana qarşı soyqırım və etnik təmizləməyə dair etiraflarının ortada olmasına rəğmən “Human Rights Watch” bunları görməzdən gəlir. Xüsusi olaraq qeyd edək ki, bu təşkilatın arxivlərində Ermənistan və ermənilər əleyhinə bir dənə də qovluğa rast gəlinə bilməz. Çünki birbaşa ermənilərin istək və arzularının ifadəçisi rolunda çıxış edən bu təşkilat işini-gücü ancaq Azərbaycana qarşı piar və qarayaxma kampaniya üzərində qurub”.