Bələdiyyə sədri olandan ətrafında bir “ailə ansamblı” yaradıb: – Vətəndaş Samir Nuriyevə müraciət edirbackend

Vətəndaş Hüseyn Əzizoğlu Mustafayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət ünvanlayıb.

Vətəndaş bu müraciətində Səbail rayon bələdiyyəsindən şikayət edib, qarşıdan gələn seçkilərə görə isə bir sıra narazılıqları dilə gətirib.

Gununsesi.info sözügedən müraciəti təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə:

Hörmətli Samir müəllim!

Qarşıdan 29 yanvar Bələdiyyə Seçkiləri gəlir. Bir vətəndaş olaraq, bu ciddi məsələ ilə bağlı araşdırmalarımı davam etdirirəm. Məlum olur ki, bəzi bələdiyyələrin çıxardığı seçki oyunları ictimaiyyətin bu seçkilərə də inamını azaldır. Bir çox rayonlarda artıq bələdiyyə sədrlərinin təyin olunduqları danılmaz fakt kimi ortaya atılıb. Onlardan biri də, seçkilərə hazırlıq səviyyəsi sıfıra bərabər olan paytaxt Bakının Səbail rayonudur. Dəhşət ondadır ki, bu seçkilərdə adları keçən namizəd şəxslər əhalinin canlarını boğazlarına yığan köhnələr və heç kəsin tanımadığı, bu rayonun taleyüklü məsələlərində, sosial həyatında effektiv rolları olmayanlardır.

Ümumiyyətlə, Səbail rayonunda fəaliyyət göstərən yerli idarəetmə orqanlarından ən çox tənqid olunan bələdiyyədir. Səbail və Badamdarın bələdiyyə sədrlərinin qanun çərçivəsinə sığmayan bəd əməlləri barəsində təkzibolunmaz sübutlar da saysız-hesabsızdır. Təəssüf ki, onların bu əməlləri barəsində indiyədək adekvat tədbirlər görülməyib.

Elə ölkənin media vasitələri üzərindən aparılan araşdırmalardan da məlum olur ki, Səbail Bələdiyyəsindəki özbaşınalıqlar inanılmaz dərəcədə çoxdur. Sədr Hacı Əliyevin özü ilə bərabər, burada işlə təmin etdiyi doğma-yaxınları və tanışları da, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər. Bir sözlə, burada şəxsi mənafe amili gözləri elə qapadıb ki, heç onun özünün, eləcə də burada işlə təmin etdiyi doğma-yaxınlarının və tanışlarının, bələdiyyələrin işləriylə bağlı ölkə başçısının tapşırıq, tələb və tövsiyələrini həyata keçirmək, həssas təbəqədən olan əhaliyə göstərilən xidməti yaxşı səviyyədə təşkil etmək belə yadlarına düşmür. Konkret desək, Hacı Əliyev bələdiyyə sədri olandan, ətrafında bir “ailə ansamblı” yaradaraq, burada işlə təmin etdiyi səlahiyyət sahibi doğma-yaxınlarının adıyla “rəsmi qaydada olaraq” indiyəcən külli miqdarda bələdiyyə pullarını mənimsəyib.

Hacı Əliyevin özü bu rayonda yaşamasa da, onun bələdiyyə sədri necə seçilməsi hamını indiyədək düşündürür. Səbail rayonunun Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovun adı isə keçmiş peşəsinə sadiq qalaraq, maklerlik fəaliyyəti, torpaq alqı-satqısı, ev və obyekt inşası məsələsində hallanır.

Araşdırmalardan məlum olub ki, həm Hacı Əliyev, həm də Təzəxan Məmmədov yenidən bələdiyyəni ələ keçirmək üçün hərəkətə keçiblər. Hacı Əliyev bu vəzifədə istədiyi kimi hərəkət etməkdən çəkinmir. Paytaxt Bakının olduqca böyük bələdiyyələrindən biri olan Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədovla bərabər sanki buranı özəlləşdiriblər. Ciddi olan namizədlik məsələsini dəyiş-düyüş oyununa çevirməkdən çəkinmirlər. Qohumbazlığı, tayfabazlığı… bu seçkilərdə də əsas prinsip olaraq qarşılarına məqsəd qoyublar.

Namizədlərin irəli sürülməsində onların oyunbazlıqları göz qabağındadır. Hacı Əliyev öz doğma-yaxınlarının namizədliklərini Badamar Bələdiyyəsindən, Təzəxan Məmmədov isə Səbail Bələdiyyəsinin özündən irəli sürüblər.
Belə ki, sədrin nəvəsi Nurel Badamdar, Təzəxan Məmmədovun qızı Nəzrin Vahidova isə Səbail Bələdiyyəsindən namizəd kimi qeydə alınıblar. Onların yaxınları Vahidə Cəfərova və Hüseyn də namizəd kimi istədiklərini edirlər. Hacı Əliyevin bələdiyyə işçisi olan qardaşı oğlu Şahin, rayon vergisində rəis müavini postunu tutan bacanağı Fərhad müəllimin qızı Pərvin də seçki qalibi olacaqlarını indidən bilirlər.

Dəhşət ondadır ki, namizədlərin heç biri Səbaildə yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur. Halbuki bu rayon Bələdiyyəsinin namizədləri burada qeydiyyatları olub, yaşayanlar ola bilərlər. Onların doğum haqqında şəhadətnamələri də deyilənlərin təsdiqi kimi əlimizdədir.

Hörmətli Samir müəllim!

Doğma-yaxınlarım bu rayonda daha çox məskunlaşıblar. Onların gələcək taleləri məni maraqlandırdığı üçün çox narahatam. Elə, bu səbəbdən də, bu müraciətimi Sizə göndərir və göstərilən neqativ hallar barəsində qanun çərçivəsində ölçü götürməyi Sizdən xahiş edirəm! Kömək üçün Sizə qabaqcadan minnətdaram!

Imza: Hüseyn Əzizoğlu
(Mustafayev),

Bakı şəhəri, Möhsün Sənani küçəsi, 5 B.
Əlaqə telefonum:
050 2067706 (vatsab), 0702133339.

22.01.25.