Bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad – Bəhruz Məhərrəmovbackend

Mayın 15-də Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir ciddi tarixi hadisə və böyük siyasi qələbənin inikasıdır. Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması, üstəlik bu prosesin dərin mədəni və humanitar əlaqələrdə ehtiva olunan Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmədən reallaşdırılması artıq regionda müəllifinin cənab İlham Əliyev olduğu yeni geosiyasi konfiqurasiyanın hökm sürdüyünü göstərdi.

Sirr deyil ki, Azərbaycan üçün Rusiyanın dünya siyasətində yeri çox aydındır, cənab İlham Əliyevin aprelin 22-də Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada Prezident Putinlə təkbətək görüşü zamanı ifadə etdiyi kimi, “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bizim əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən çox şey asılıdır”. Eyni zamanda Rusiyanın Azərbaycana yanaşması da kifayət qədər aydındır. Elə həmin görüşdə Prezident Vladimir Putinin, ilk növbədə,Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev barədə düşüncələri əslində Rusiyanın Azərbaycana münasibətinin təməlində dayanan bazis hesab oluna bilər. Bu gün münasibətlərin xarakterinə, habelə ölkələrimiz arasında münasibətlərin prioritetlərini müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə diqqət etsək, əminliklə deyə bilərik ki, Bakı-Moskva əlaqələri bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanır.

Məlumdur ki, Ulu Öndər Heydər Əliyev hələ 22 sentyabr 1993-cü ildə Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşdə qəti bir tezis irəli sürmüşdü ki, “Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədə olmalıdır”. Dahi lider ölkələrimiz arasında dərin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrə əsaslanaraq şimal qonşumuzla münasibətlərin daha da yaxşılaşdırılması üçün heç bir maneə görmür, əksinə XIX və XX əsrdə Azərbaycanın inkişafının Rusiya ilə birbaşa bağlı olması, Avropa elmi və mədəniyyətinin ölkəmizə Rusiya vasitəsilə gəlməsi kimi amilləri iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün mühüm elementlər kimi qiymətləndirirdi.

Təəssüf ki, ötən əsrin 90-cı illərində Azərbaycanda hakimiyyəti zəbt etmiş yaramaz AXC-Müsavat cütlüyünün səbatsızlığı ucbatından Azərbaycan-Rusiya münasibətləri özünün mürəkkəb dövrünü yaşamış, ölkələrimiz arasında əlaqələr yaxın 200 illik tarixin ən arzuolunmaz səviyyəsinə enmişdi. Lakin Ulu Öndərin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı əlaqələrimizdə dönüşə səbəb olsa da, Rusiyanın özündə vəziyyətin, o cümlədən idarəçilikdə böhranın yaşanması prosesi ləngidir və cəhdlər lazımi effekt vermirdi.

Aydındır ki, Ulu Öndərin siyasi irsi bu gün Azərbaycanın inkişaf strategiyasının nüvəsini təşkil edir və o cümlədən də xarici siyasət kursu üzrə dövlətçiliyin varisliyi möhtərəm cənab Prezident tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Rusiya siyasəti ötən dövr ərzində yeni mərhələyə qalxmış, əlaqələrimiz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 22 fevral 2022-ci il tarixli Bəyannamə ilə özünün ən uğurlu dönəminə qədəm qoymuşdur. Məhz bu sənədin qəbulu ilə iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında müttəfiqlik dövrü başlanır.

Etiraf etməliyik ki, Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq şərtdir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu qızıl ortanı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider İlham Əliyevdir. Nəticə etibarilə Prezident Əliyev nəinki ən çətin və təhlükəli vaxtlarda ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik bölgədə ciddi maraqları Rusiya kimi olan bir supergücün müttəfiqi Ermənistana rəğmən, 44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu. Ötən il aprelin 23-də elə Rusiya hərbi kontingentinin gözü önündə Laçın sərhəd-buraxılış məntəqəsini qurdu. Bu, həqiqətən, böyük tarixi hadisə idi və sözün əsl mənasında, müstəqil dövlət bunu edə bilərdi. Həmçinin ötən həftə məhz Azərbaycan Prezidentinin iradəsi ilə Rusiya sülhməramlıları ölkədən çıxarıldı. Əlbəttə, Rusiyanın da digər dövlətlər kimi öz maraqları var, lakin möhtərəm Prezident göstərdi ki, bu maraqları uzlaşdırmaq və beynəlxalq hüquq çərçivəsində hər iki tərəfin maraqlarına xidmət edən reallıqlar yaratmaq mümkündür. Təsadüfi deyil ki, cənab İlham Əliyev Rusiyanın paytaxtından “qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin möhkəmləndirilməsi”ni bəyan etməklə Azərbaycanın Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu göstərdi. Öz növbəsində möhtərəm Prezidentin şəxsiyyətinə Rusiyada yüksək ehtiram, habelə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək fonunda cənab Putinin də Bakı ilə münasibətlərin perspektivinə inandığını, Azərbaycanın və Azərbaycan liderinin timsalında etibarlı və güvənilən müttəfiq gördüyünü müəyyən etmək çətin deyil. Məhz bu amil ölkələrimizə bərabərhüquqlu münasibətlər və qarşılıqlı hörmətə əsaslanan dialoq mühitini yaratmağı mümkün edir. Xocalıdakı məlum mərasimdə Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Yevgeni Nikiforovun da ifadə etdiyi kimi, “Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərarın qəbul edilməsi də bir daha iki ölkə arasındakı müsbət dialoqun səmərəsini göstərir”.

Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması rəsmi Bakı-Moskva əlaqələrinin yüksək səviyyəsi ilə yanaşı, başqa bir məsələni, əslində bizə məlum olan mühüm bir reallığı meydana çıxardı. Məlum oldu ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını və bütövlükdə rus hərbçilərini Ermənistandan çıxarmaq üçün dəridən-qabıqdan çıxan kollektiv Qərb sülhməramlıların Azərbaycandan getməsindən məmnun deyil. Hətta ilk günlər ABŞ Dövlət Departamentinin rəsmisi hisslərini cilovlaya bilməyib Azərbaycandan sülhməramlıları heç bir gərginlik yaşanmadan çıxarmasına görə Rusiyanı “etibarsız müttəfiq” adlandırmışdı. Bu isə o deməkdir ki, ABŞ-ın timsalında kollektiv Qərb Moldova və Gürcüstan təcrübəsinə istinad edərək, sülhməramlı məsələsinə Bakı və Moskva arasında potensial böhran kimi baxaraq ümid edirmiş ki, həmin gərginlik Azərbaycan üçün ciddi problemlərə yol açacaq. Lakin cənab İlham Əliyev vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan, sözün əsl mənasında, suveren, qüdrətli bir dövlətdir və Azərbaycan dövlətini digər dövlətlərlə, Azərbaycan Prezidentini digər liderlərlə müqayisə etmək olmaz.

Təbii ki, Ermənistanda və Gürcüstanda müşahidə olunanlar fonunda əminliklə demək olar ki, sülhməramlıların qarşılıqlı anlaşma şəraitində Azərbaycandan çıxarılması Qərbin arzuladığı situasiya deyil. Lakin Qərbin nə arzulamasından asılı olmayaraq bir reallıq var ki, Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yaratdığı reallıq bərabərhüquqlu əməkdaşlıqda ehtiva olunmayan istənilən yanaşmanı istisna edir. Nəticə etibarilə, regionda Azərbaycanla hesablaşmağa məcbur qalan Qərbi isə bu ssenari qane etmədiyi üçün özünə bağlı proksi qüvvələri işə salaraq ölkəmiz əleyhinə kompleks hücumlar başladır. Təsadüfi deyil ki, xaricdən müxtəlif səviyyələrdə korrupsiyalaşmış parlamentarilərin, ayrı-ayrı beynəlxalq media qurumları və beynəlxalq QHT-lərin anti-Azərbaycan hücumlarının aktivləşdiyinin şahidi oluruq. Qərb başa düşür ki, kənardan Azərbaycanın yaratdığı reallığı dəyişə bilməyəcək, ona görə də çarəni ölkə daxilində antimilli ünsürləri prosesə cəlb etməklə cəmiyyətdə qarşıdurma yaratmaq cəhdində görür. Xeyli müddətdir ki, qınına çəkilmiş bu ünsürlər də məhz Qərbin səlib yürüşünün başlaması ilə yenidən fəallaşırlar. İndiki həssas məqamda, heç bir zərurət olmadan mitinq qərarı verməklə əslində antimilli qruplaşma özünü ifşa etmiş oldu və bir daha göstərdi ki, Milli Şura adlanan təsisat milli heysiyyətini itirmiş adamların cəlb olunduğu beşinci kolondur. Bütün fəaliyyətləri ixtilaf üzərində qurulmuş və varlıqlarını Qərb qrantları hesabına sürdürən bu radikallar bir daha göstərirlər ki, onlar Qərbin Azərbaycanın milli maraqlarına zidd istənilən tapşırığını yerinə yetirməyə, anti-Azərbaycan dairələr üçün əl buyruqçusu rolunu oynamağa çoxdan razıdır. Lakin əsası Ulu Öndər tərəfindən qoyulan düzgün və milli maraqların ehtiva oldunduğu siyasi kursun son nəticədə ölkənin tam siyasi və iqtisadi suverenliyinə gətirib çıxarması, xüsusən son 15 il ərzində Qərbin, o cümlədən ABŞ-ın Azərbaycandakı şəbəkəsinin fəaliyyətinin məhdudlaşdırılması, üçüncü sektorda maliyyə fəaliyyətinin şəffaflaşması üçün qətiyyətli addımların atılması, bütövlükdə elə Qərbin özünün təcrübəsinə müvafiq olaraq xaricdən maliyyələşmə prosesinin nəzarətə götürülməsi anti-Azərbaycan dairələrin fəaliyyətinə imkan vermir. Belə olan halda, Qərb Azərbaycanda bütövlükdə üçüncü sektor alətindən məhrum olduğu üçün ümidi ayrı-ayrı xəyanətkar yaramazlara və digər onlara bənzərlərə qalır. Lakin həyata keçirilən və milli maraqların səmərəli təmininə yönəlmiş siyasi kurs Qərbi də, onun yerli muzdlularını da getdikcə daha çarəsiz durumda buraxıb. Xüsusən sülhməramlıların Azərbaycanda əbədi qalacağını iddia edənlər və bunu Rusiyanın işğalı kimi cəmiyyətə sırımağa çalışanlar sülhməramlıların vaxtından əvvəl çıxarılması ilə sözün əsl mənasında, fiaskoya uğradılar. Cəmiyyət bir daha gördü ki, bu iddialarda bulunanlar nə qədər siyasi səbatsız və naşı tiplərdir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.