Bəraət alan tikinti şirkətinin rəhbərinin cəzalandırılması istənilirbackend

Bakıda dələduzluqda təqsirləndirilən “İşıq inşaat” MMC-nin və eyni adlı MTK-nın təsisçi və direktoru Şirəliyev Cavanşir Qardaş oğlunun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 12-nə təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Zərərçəkmişlər onun cəzalandırılmasını istəyir.

İttihama görə, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq edib. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunub.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində Səbail rayon məhkəməsinin qərarı 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxs və zərərçəkmiş apellyasiya şikayəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Apellyasiya şikayəti təmin olunub. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavanşir Şirəliyevin barəsində olan 15 oktyabr 2020-cı il tarixli hökmü ləğv edilib və hər iki epizod üzrə ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və ekspertiza xərcinin ödənilməsi barədə göstəriş ləğv olunub.

Bildirilib ki, C.Şirəliyev barəsində bəraət hökmü elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, Baş Prokurorluğun depozit hesabına qoyulmuş 159 000 manat və 60 000 ABŞ dolları bəraət almış təqsirləndirilən şəxsə qaytarılsın.

Şikayətə Ali Məhkəmədə baxılarkən elan edilib ki, zərəçəkmişlər kassasiya şikayətini geri götürüb. Bu səbəbdən zərəçəkmişlər tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.