Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazırbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuat bəyanatında səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın diqqətini özünə çəkib.

“Reuters“, “Tass“, “Daily Sabah“, “US News“, “Arab News“, “Mehr News“, ”The Business Standard” və digər media orqanları mövzu ilə bağlı materiallar dərc ediblər.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla münasibətlərə dair ”biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq” sözləri ön planda dayanıb. Dövlətimizin başçısının hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələsinin aparıldığına dair sözləri də mətbuatın diqqət yetirdiyi əsas açıqlamalar arasında yer alıb. Ölkə Prezidentinə istinadla qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazırdır, çünki regionda qeyri-sabitliyə son qoymağın vaxtı artıq yetişib.

Məqalələrdə, həmçinin diqqətə çatdırılıb ki, NATO-nun Baş katibi Yens Stoltenberq isə öz növbəsində sülh sazişinə heç vaxt olmadığı qədər yaxınlıqla bağlı Azərbaycan Prezidentinin sözlərini yüksək qiymətləndirib. O, dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə edilməsində tərəfləri dəstəkləyəcəyini də ifadə edib.

Qeyd edilib ki, ötən ilin dekabrından Cənubi Qafqazın bu iki ölkəsi arasında sülhə nail olmaq məqsədilə birgə bəyanatların verildiyi və indiyədək Berlində ikigünlük danışıqlar da daxil bir neçə görüşlər baş tutub.

Məqalələrdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu, həmin Forumun tarixi və mövzuları barədə də məlumatlar dərc edilib. Qeyd olunub ki, builki Forumda dünyanın 56 ölkəsindən 400-dən artıq nümayəndə iştirak edib.

Mənsur Vəliyev,

Nəsimi rayon Təhsil işçisi