“Bəzən xanımlar da müdirləri ilə eşq yaşamağa həvəsli olur”backend

Dünya siyasəti zaman-zaman məşhur siyasətçilərin eşq qalmaqalları, gizli sevgi macərları ilə silkələnib.

Adətən, bu kimi hallar həmin siyasətçilərin, dövlət və hökumət rəhbərlərinin karyerasına son qoyub, reputasiyasına ağır zərbə vurub. Katibəsi ilə eşq yaşadığı barədə iddialar yerli məmurlar barədə də səsləndirilir. Bəs görəsən, buna səbəb nədir? Məsələnin psixoloji tərəfləri nələrdir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova son dövrlərdə yayımlanan serialların insanlara bu baxımdan psixoloji təsir etdiyini bildirib: “İstər bizim ölkədə, istərsə də xarici ölkələrdə patronun katibəsi ilə eşq yaşamasının şahidi oluruq. Son dövlərdə yayımlanan serialların, filmlərin içərisində də müdir-katibə hekayəsini çox sevə-sevə izləyirik. 2001-2002-ci illərdə böyük çoxluğun sevərək izlədiyi “Soledad” adlı serial yayımlanırdı, bu serialda da baş rol ifaçısının evli patronu ilə eşq macərasını izləyirdik.  Biz uşaqlıqda bu ssenariləri görmüşük, aşiqlik prosesini izləmişik. Aşiqlik düşüncədə yaranır”.

Onun sözlərinə görə, isməti ilə katibə işləyən xanımlar da var ki, bu cür söz-söhbətlər onların ailələrində ciddi söz-söhbətlərə səbəb ola bilir:

“Bu cür məsələlərin cəmiyyət tərəfindən müzakirəsi ailəsini sevən, ona sadiq olan müdirin, yaxud katibənin də ailəsinə söz-söhbət sala bilir. Elə xanımlarımız var ki, onlar çox mədəni, gözəl katibə, yaxud kargüzardırlar. Onlar məhz bacarıqları ilə işlərini irəlilədirlər, amma bu cür söz-söhbətlər onların ailəsində psixoloji gərginliyə gətirib çıxara bilir. İllər öncə həmin katibələrin həyat yoldaşında bu şübhə yaranmayıbsa, illər sonra onlarda, onların yeniyetmə övladlarında bu şübhələr yarana bilər. Onlar sual edə bilərlər ki, sən də uzun illər katibə işləmisən, sənin də belə şeylərin varmı? Bu heç nədən söz-söhbətin yaranmasına gətirib çıxarır”.

Psixoloq bu məsələdə təkcə kişilərin günahlandırılmasının doğru olmadığını bildirib. O, qeyd edib ki, bəzən xanımlar da müdirləri ilə eşq yaşamaq həvəsində olur və buna şərait yaradırlar:

“İki şəxsin hər gün bir -birini görməsi, geyim üslubu, makiyajın abardılmış halda olması da bu məsələdə böyük rol oynayır. Təəssüflər olsun ki, biz tez-tez görürük ki, katibələr daha qısa ətəkdə olurlar, köynək geyiniblərsə düymələri sinələrinə qədər açıq olur, qəribə bir baxışları olur. Bunlar psixoloji manipulyasiyadır. Müdirlərin bu manipulyasiyaya uyması, ona qalib gələ bilməməsi bu cür sevgi macəralarının başlamasına gətirib çıxarır. Elə sevgi macərası var ki, çətini həmin bəyin xanıma əli çatana qədərdir, daha sonra xanımla münasibətləri pozulur, işdə söz-söhbətlər yaranır, xanımın aldadılmışam duyğusu ilə intiqam almasına qədər məsələ uzana bilir. Odur ki, bu məsələ çox uzun və qarışıqdır. Təəssüflər olsun ki, bunun psixoloji təlimini almaq istəyən yoxdur. Biz demirik ki, bu məsələdə yalnız bəylər günahkardır, onlar “Don Juanizm” sindromundan əziyyət çəkirlər və hər gələn katibə ilə dərhal cinsi əlaqəyə can atırlar, xeyr. Əsla bu belə deyil. Bəzən görürsən ki, xanımlar hər gün beynində bunu düşünür. Hər gün fərqli açıq-saçıq geyimlər geyinir. Belə xanımlarımız da var ki, onlar məhz elə bu məqsədlə həmin işi seçdiklərini açıq-aşkar hiss etdirirlər. Bəzi xanımlar özləri müdirləri ilə eşq yaşamağı seçirlər, düşünürlər ki, həmin şəxs onu hərtərəfli təmin edəcək, sabah evi də, maşını da olacaq, kreditləri ödənəcək. Çox təəssüflər olsun ki, biz eşqi cinsi ehtirasda, duyğuları isə emosional hisslərlə yaşayırıq. Həmin anda emosiyalar ağlın üzərindən basır və emosiyalarımıza uyğun olaraq addımlar atırıq. Eşq elə bir qüvvədir ki, insanı düşüncə olaraq dağların başına qədər aparıb çıxara bilir. Əgər bir insanı xəyalında tutursansa, ikinci şəxs sənin beynində yer ala bilməz. Mən istəyərdim ki, bu məsələnin də qanuni tərəfdən bir qadağası olsun ki, ailələr bu cür dağılmasın. Abırı, isməti ilə işləyən katibələr haqda mənfi düşüncələr yaranmasın. Bunun üçün çox ciddi psixoloji təlimlər aparılmalıdır”.