Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi 1-də tez-tez su xəttində qəzalar baş verir.
Küçə sakinləri müraciət edərək borunun dəfələrlə nasaz vəziyyətə düşdüyünü deyiblər.
Qeyd edilib ki, su sızıntısı zəif olsa da, günlərlə davam edir.
Ərazidə yaşayan sakinlər problemin təkrarlanmasından narahatlıqlarını ifadə ediblər: “Gəlib kortəbii şəkildə dəliyi tıxayıb gedirlər. Görürlər ki, yenə su sızır, yenə eyni qaydada həll edirlər”.
Məsələ ilə bağlı Ölkə.Az-a danışan “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, ərazidəki su şəbəkəsi adı çəkilən quruma aid deyil:
“Çünki ərazidə fərqli su şəbəkələri var. Ora bizim xətlərimiz deyil. Bir qazan kimi qoyublar və oradan bölüb çoxlu xətlərə su aparırlar. Bu “Azərsu”nun yox, camaatın özünün çəkdiyi fərdi primitiv, normalara cavab verməyən xətlərdir. Ona görə də tez-tez qəzalar olur. “Azərsu”yu incidən ən çox bu tip xətlərdir. Bu gün Bakıətrafı ərazilərin bir çoxunda da şəbəkə bu cür hörümçək toru kimi xətlərdir”, – deyə qurum rəsmisi əlavə edib.
Sakinlər deyirlər ki, onlar illər öncə su problemi səbəbindən belə bir addım atıblar. “Uzun müddət saz vəziyyətdə işlədi, biz öz zəhmətimizlə bu problem həll etdik. Kimsə etməlidi idi, ya yox?! İndi heç olmasa, normal şəkildə gəlib problemi həll etsinlər. Yəqin gözləyirlər ki, əvvəlki kimi necə etmişdiksə, indi də özümüz qollarımızı çırmalayıb işə başlayaq. Bilirsiniz, sızıntı dövlətin ehtiyatından gedir, israfdır axı. Biz bu şəkildə də yaşaya bilərik, gəlib müvəqqəti yola verib gedirlər, bunu düzəltmək nə çətin işdir?!”, – şikayətçilər bildiriblər.