Prezident İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında qeyd edib ki, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir və böyük coğrafiyanı əhatə edir. Bu gerçəkdən də belədir. Bu gün türk dövlətlərinin birləşməsi həm iqtisadi, həm mədəni, həm də milli təhlükəsizlik baxımından çox önəmlidir!
Türk dövlətlərinin birliyi, bu dövlətlərin maraqlarına cavab verir və onların gələcəyinə hesablanıb. Gələcək isə, türk dövlətlərinin birləşməsi və Şurası ilə başlayacaq!
Bu gün Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər, işlər görür. Bunu ölkəmizdə keçirilən müxtəlif tədbirlərdən müşahidə etmək mümkündür.
Bu gün bütün Türk dünyasının prioritet məsələsi, Türk dünyasının gücləndirilməsi olmalıdır! Bu istiqamətdə Azərbaycan öz töhfələrini verməkdədir.
TÜRKPA-nın Azərbaycanda növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı ölkə rəhbəri çıxışında bir daha tarixə düşəcək və lozunq olacaq fikir bildirərək demişdir: – “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”.
Liderimizin söylədiyi bu fikirlər, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir və Türk dünyasını birliyə səsləyir!
Bu yaxınlarda Azərbaycanın təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addımdır. Lakin bu istiqamətdə daha çox işlər görülməlidir. Çünki sürətli, yəni davamlı təmaslara daim ehtiyac var. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları isə nəqliyyat və iqlimlə bağlı olacaq.
İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var və Orta Dəhlizin fəaliyyətə başlaması, yükdaşımaların artırılması göz önündə olan əsas məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir və bu artıq birlikdir.
Görüşdə həmçinin İqlim məsələlərinə toxunulmuşdur və bu məsələnin Azərbaycan gündəliyində duran əsas vəzifələrdən biri olduğu bildirilmişdir. Bəli, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək və bu, bizim üçün böyük məsuliyyət və şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu mövzuda məsələləri müzakirə etmək, gələcəkdə böyük fayda verəcəyinə əminik.
Həmçinin bir aydan sonra Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər ediblər. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri bunu özləri görüblər və bu gün Türk dünyasının birliyi artıq öz cücərtilərini verməkdədir. Belə ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bu məktəblər Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda məktəbin təməli qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Edilənlər Türk dünyasının birliyinin göstəricisidir və qədim söyləşilərə dayanan “Türkün-türkdən ziyadə dostu yoxdur!” prinsipini özündə ehtiva edir.
Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir deyən Prezidentimiz, bu birliyin artıq təməlini qurub, qalır divarlarını ucaldıb, tavanı yerləşdirmək. Türk dünyası tavanı altında birləşən ölkələr sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün doğulan və mübarizə aparanlardır!
Ülviyyə Həmzəyeva
Milli Məclisin Deputat