Blinken Prezidentə zəng etdibackend

Dünən ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Yeni Gundem” xəbər verir ki, telefon danışığı zamanı Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların vacibliyini vurğulayaraq, ABŞ-ın bu məsələdə dəstəyinin davam edəcəyini qeyd edib.

ABŞ dövlət katibi sülhün əldə olunmasının mümkünlüyünə əminliyini ifadə edib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin tikintisinə toxunub.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəmini dəstəkləyir, Ermənistanla sülh müqaviləsinin bağlanması və münasibətlərin normallaşdırılması üzrə danışıqlara başlanmasının təşəbbüskarı məhz Azərbaycandır. Bununla bağlı Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistana 5 prinsip təklif edib.

Azərbaycan-Ermənistan dövlət sərhədində “Laçın” sərhəd-keçid məntəqəsinin tikintisi ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu keçid məntəqəsinin tikintisi Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq normalara uyğun təmin olunub.

Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, nəzarəti təmin etməkdir və artıq bu məntəqədən keçid aparılır.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarının Azərbaycan Konstitusiyası çərçivəsində təmin ediləcəyi qeyd olunub.