Azərbaycan höküməti karantin rejimini yumuşaltdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ölkənin bir sıra regionlarında yerləşən kəhrizlərdə təmir işlərini bərpa edib. Hazırda BMqT-nin kankanları (kəhriz ustaları) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun Mirəşelli kəndinin ərazisində yerləşən Şəmsi kəhrizində bərpa-təmir işləri aparır.
Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
1999-cu ildən BMqT-nin Azərbaycan nümayəndəliyi ölkənin müxtəlif regionlarında 163 kəhrizi bərpa edərək əhalinin istifadəsinə verib.