Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Danimarkanın keçmiş Baş naziri və NATO-nun sabiq Baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” qrupu tərəfindən hazırlanmış “Aİ-Ermənistan münasibətlərin dərinləşdirilməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda Azərbaycan barədə yer alan əsassız iddialara cavab-hesabat hazırlayıb.
BMTM-dən verilən məlumata görə, hesabatda bildirilir ki, Avropa İttifaqı (Aİ) ilə münasibətlərini inkişaf etdirməsi üçün Ermənistana tövsiyələr verilməsi müsbət haldır və bu, Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etmir.
Belə ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarətinin 65%-i Aİ-nin payına düşür.
Azərbaycanda narahatlıq doğuran məqam ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münasibətlərinin intensivləşdirilməsini hədəfləyən siyasətçi və ekspertlər bu təşəbbüsləri Azərbaycana mənfi obraz yükləyərək mövcud faktları təhrif etmə yolu ilə aparırlar. Bu cür taktiki addımlar qeyri-məhsuldardır. Həm Ermənistanın, həm də bütövlükdə regionun və Aİ-nin özünün maraqları üçün zərərlidir.
Rasmussen Global tərəfindən dərc olunan son hesabat bunun aşkar nümunəsidir. Sözügedən hesabat erməni cəmiyyətində yanlış gözləntilərə səbəb olan qərəzli və təhrif olunmuş informasiyaları təqdim edir.
Belə ki, Rasmussen Global hesabatında müxtəlif formalarda bir neçə yerdə qeyd olunmuş “Azərbaycan hərbi təhdid yaratmağa davam edir və Ermənistana hücum edəcəyinə dair işarə edir” ifadəsi Ermənistana artan Qərb hərbi yardımı və Aİ-nin ordakı mövcudluğuna bəraət qazandırmaq məqsədi daşıyır.
Azərbaycan ən yüksək səviyyədə Ermənistana qarşı hərbi əməliyyatla bağlı hər hansı plan və niyyətin olmadığını birmənalı qaydada həmişə səsləndirib. Azərbaycan Respublikasının Prezidenti 2023-cü ilin dekabrında qəti şəkildə “Bizim Ermənistanın ərazisini işğal etməklə bağlı planlarımız yoxdur və onlar dövri olaraq bizi burda ittiham edirlər…Biz bunu istəmirik” fikrini səsləndirib.
Buna baxmayaraq, Ermənistan və Qərbdəki bəzi siyasi qruplar Azərbaycanı Ermənistana qarşı ərazi iddialarının olmasında ittiham etməyə davam edirlər. Bu mənada Rasmussen Global Ermənistan hökumətinin təbliğat şöbəsi kimi fəaliyyət göstərir.
Həmçinin, Rasmussen Global tərəfindən irəli sürülən iddiaların əksinə, Ermənistanın Rusiya ilə ticarəti Rusiya-Ukrayna münaqişəsinin başlanmasından indyədək əslində inkişaf edib. Bu artımı ilk növbədə Qərbin sanksiyalarından yayınması və sanksiyaya məruz qalan malların təkrar ixracı ilə əlaqələndirmək olar.
Bununla yanaşı, Rasmussen Global Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyanın “Azərbaycanın təcavüzü”ndən müdafiə olunması üçün Ermənistana az dəstək göstərdiyini bildirir. Nəzərə alınmalıdır ki, 90-cı illərin əvvəllərində məhz Rusiya ilə müttəfiqliyi sayəsində 2 milyonluq əhalisi olan Ermənistan 7 milyonluq əhalisi olan qonşu Azərbaycanın torpaqlarını işğal etmişdi. Ermənistan Azərbaycan ərazilərinin işğalında Rusiyadan dəstək alması müqabilində öz suverenliyini Rusiyaya təhvil vermişdi. Bu səbəbdən, Rasmussen Global tərəfindən təhlükəsizlik təminatçısı kimi rolunun mübahisəli olduğu iddia edilən Rusiya əslində Ermənistanın regional ekspansionizm siyasətinə yardım edən müttəfiq olub.
BMTM-in cavab-hesabatında bildirilir ki, Rassmussen Global tərəfindən irəli sürülən fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artdığı dövrə təsadüf edir və Ermənistan-Azərbaycan arasındakı sülh prosesinə töhfə verməyəcəyi dəqiqdir: “Dar maliyyə maraqlarını obyektivlik və ədalətdən üstün tutan Rasmussen və onun konsaltinq şirkəti təkcə Qərb müttəfiqlərinin maraqlarını təhlükə altına almır, həm də Cənubi Qafqaz regionundakı gərginlikləri əbədiləşdirməyə xidmət edir. Siyasətçilər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələri bu cür qərəzli lobbiçilik cəhdlərinə qarşı ayıq-sayıq olmalı, Cənubi Qafqaza münasibətdə daha balanslı və inklüziv yanaşmanı təşviq etməlidirlər. Həqiqi sülh və stabillik ancaq dialoq, qarşılıqlı hörmət və bütün tərəflərin qanuni narahatlıq və maraqlarının nəzərə alındığ şəraitdə əldə edilə bilər”.