Bakı Dövlət Universitetində (BDU) Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub.
Bu barədə “Yeni Gündəm”-ə universitetdən məlumat verilib. Bildirilib ki, bu münasibətlə təşkil olunan tədbirdə BDU-nun rektoru Elçin Babayev dünyanın tanınmış siyasətçilərindən biri, müasir dünyada demokratiyanın inkişafına layiqli töhfələr vermiş ictimai-siyasi xadim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçin Bakı Dövlət Universitetinə gəlişini əlamətdar hadisə adlandırıb. Ali qonaq haqqında məlumat verən Elçin Babayev qeyd edib ki, Ş.Caferoviç Bosniya və Herseqovinanın çiçəklənməsi, demokratik dəyərlərin möhkəmlənməsi, ölkənin Avropa yönümlü tərəqqisi, həmçinin elmin və təhsilin inkişafı üçün böyük işlər görüb. Rektor qonağın ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyini, Azərbaycan-Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin, təhsil və elmi əməkdaşlığın inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb.
E.Babayev iki dövlət arasındakı diplomatik əlaqələrdən, yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib, eyni zamanda, qonağa BDU haqqında məlumat verib.
Rektor BDU Elmi Şurasının 2021-ci il 3 oktyabr tarixli iclasında Şefik Caferoviçə BDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib. BDU Elmi şurasının qərarı ilə Şefik Caferoviç Azərbaycan-Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin və elmi əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə BDU-nun Fəxri doktoru adına layiq görülüb.
Rektor Fəxri doktor diplomunu qonağa təqdim edib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə gedən inkişaf prosesindən, əldə edilən nailiyyətlərdən, Azərbaycan-Bosniya və Herseqovina arasında yüksək əməkdaşlıq əlaqələrindən söz açıb, Şevfik Caferoviçin bu əlaqələrin inkişafındakı xidmətlərindən bəhs edib.
Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç BDU-nun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin inkişafından danışıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə tədbir iştirakçılarını təbrik edib, siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığın davam etdirilməsinə əminliyini bildirib.