Bu ilin büdcəsi rekord səviyyədədirbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ötən il ölkə iqtisadiyyatının inkişaf etdiyini bildirdi. Dövlət başçısı ümumi daxili məhsulun  4 faizdən çox artdığını,   qeyri-neft sektorunun inkişafının əsas göstərici olduğunu,  son vaxtlar neft hasilatında tənəzzüllə üzləşdiyimizi və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacağınl və neft hasilatının sabit qalacağını bildirdi. Prezident dedi ki, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. 

Keçən il maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik. Baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu.

Bu ilin büdcəsinin də  rekord səviyyədə olduğunu açıqlayan Prezident İlham Əliyev, büdcə xərclərinin 41 milyard manatdan çox olduğunu, icmal büdcənin isə 48 milyard manatı ötdüyünü bildirdi. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Ölkədə sosial sahədə aparılan islahatlar haqqında danışan dövlət başçısı, bu il yanvarın birindən minimum əməkhaqqının  55 manat artaraq  400 manata çatdığını, minimum pensiyaların  40 manat artaraq  320 manata çatdığını bildirdi. Qarşısında Qarabağın bərpası kimi  böyük problemi olan bir ölkədə bu sahəyə də xüsusi  diqqət yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar.

Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır,  sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub, dövlət başçımız  son bir neçə il ərzində dörd sosial paket həyata keçirildini və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndiyini ifadə etdi. Prezident dedi ki, bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə – minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.

Jalə Əliyeva
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini