Bu şəxslərin kredit borcu dövlət tərəfindən ödənildibackend

Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya bankları tərəfindən sahibkarlara ayrılan kredit məbləğinin 60 faizinədək olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, dövlət dəstəyi sayəsində 2628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub.

Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 12 ayı ərzində isə 27 sahibkarın əvəzinə 1.531,1 min manat həcmində vəsait ödəyib. Beləliklə, proqramın qüvvədə olduğu iki il ərzində ümumilikdə 41 sahibkarın 2 milyon 189 min 300 manat məbləğində vaxtı ötmüş kredit borc öhdəlikləri dövlət tərəfindən qarşılanıb.

Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir.