Bu şəxslərin nəzərinə: bəzi xərclərin rəsmiləşdirilməsinə imkan yaradıldıbackend

Bu ildən biznes subyektləri nümayəndəlik, mənzil və yemək xərclərini norma daxilində gəlirlərindən çıxa biləcəklər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd olunub ki, mövcud qanunvericiliyə görə, biznes subyektləri tərəfindən işçilərin mənzil, yemək və digər sosial xarakterli, eləcə də nümayəndəlik xərclərinin çəkilməsi gəlirdən çıxılan xərclərə aid edilmir və müasir biznesin ayrılmaz elementləri olan bu məsrəflər biznesin xalis mənfəəti hesabına maliyyələşdirilir.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə işəgötürənin işçilərlə bağlı çəkdiyi mənzil və yemək xərclərinin, habelə nümayəndəlik xərclərinin norma daxilində gəlirdən çıxılması müəyyən edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin “Nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası”nı müəyyən edən qərar layihəsi də hazırlanıb.

Dəyişiklik biznes subyektlərinin bu növ xərclərinin rəsmiləşdirilməsi ilə qarşı tərəflərin (mənzil kirayəyə verən şəxslərin, ictimai-iaşə müəssisələrinin və s.) dövriyyələrinin “ağarmasına”, həmçinin formalaşmış biznes təcrübəsini milli qanunvericiliyə gətirməklə əlverişli mühitin yaradılmasına töhfə verəcək.